Accessibility links

İnsanlar partlayışdan sonra Kabil hava limanına axın etməyə davam edir


Taliban döyüşçüləri cümə axşamı günü Kabildə hava limanı yaxınlığında baş verən ölümcül hücumlardan sonra hava limanının qarşısında keşik çəkirlər

Kabil hava limanının yaxınlığında 100-dən çox insanın ölümünə səbəb olan dəhşətli partlayışlardan bir gün sonra, ölkədən təxliyə uçuşları bərpa edilən kimi Əfqanıstanı tərk etmək isəyən bir çox insan hava limanına qayıtmağa başlayıb.

Əfqanıstanın Pajhvok xəbər agentliyinin verdiyi məlumata görə, hücum nəticəsində azı 90-nı əfqan, 13-ü amerikalı hərbçi olmaqla, 100-dən çox insan öldürülüb.

İslam Dövləti qrupu Həmid Kərzai Beynəlxalq Hava Limanının perimetri boyu iki yerdə: Abbi Qapısı yaxınlığında və yaxınlıqdakı bir otelin yanındakı partlayışlardan bir neçə saat sonra özünün xəbər agentliyinin Telegram kanalında hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.

ABŞ-ın Mərkəzi Komandanlığının rəhbəri amerikalı general Frank Makkenzi Pentaqonda keçirdiyi brifinqdə partlayışlardan sonra silahlı qarşıdurma baş verdiyini deyib.

Hücumlarda İslam Dövlətinin İŞİD-Xorasan və ya İŞİD-K kimi tanınan regional bölməsi günahlandırılırdı.

ABŞ Prezidenti Co Bayden hücumlarda əli olanlardan qisas alacağına söz verib.

"Bu hücumu həyata keçirənlər və Amerikaya zərər vermək istəyən hər kəs bunu bilsin: biz bağışlamayacağıq, bunu unutmayacağıq. Sizi tapıb bunun bədəlini ödəməyə məcbur edəcəyik" – deyə, prezident Bayden milli televiziyada yayımlanan çıxışı zamanı deyib.

Bayden komandirlərə İŞİD-K döyüşçülərinə, rəhbərliyinə və obyektlərinə zərbə endirmək üçün əməliyyat planları hazırlamağı əmr etdiyini deyib."Biz bunun cavabını seçdiyimiz vaxt, seçdiyimiz yerdə güc və dəqiqliklə verəcəyik" - deyə, Bayden bildirib.

Bu, ABŞ ordusunun Əfqanıstanda son on ilin ən ölümcül, eləcə də Baydenin yeddi aylıq prezidentlik dövrünün ən kədərli günü olub. Buna görə Baydenin ABŞ-da səfərdə olan İsrailin Baş naziri Naftali Bennettlə görüşü də son dəqiqə təxirə salınıb.

Cümə axşamı günü Bayden Əfqanıstandan 100 mindən çox insanın təxliyə edildiyini deyib və bütün qoşunlar avqustun 31-nə qədər çıxarılanadək evakuasiyaların da davam edəcəyini vəd edib.

"Biz çıxmaq istəyən amerikalıların hamısını çıxaracağıq" prezident deyib.

Cümə axşamı partlayış zamanı yaralanan insanların bəziləri beynəlxalq QHT tərəfindən idarə olunan və müharibə və mina qurbanlarının müalicəsi üçün nəzərdə tutulan Kabilin Təcili Tibbi Yardım Hospitalına çatdırılıb.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG