Birləşmiş Ştatların Müdafiə naziri Mark Esper bazar günü Kabildə Əfqanıstan Prezidenti Əşrəf Qani və Müdafiə naziri Əsədulla Xalidlə görüşüb.
Talibanla dalana dirənmiş sülh danışıqları və üsyançı qrupla İslam Dövləti yaraqlılarının davamlı hücumları Tramp administrasiyasının 5 mindən çox Amerika əsgərini Əfqanıstandan çıxarmaq haqda vədini yerinə yetirməsinə mane olur.
Hazırda Birləşmiş Ştatların ölkədə qalan 14 min əsgəri Əfqanıstan ordusuna təlimlər və məsləhətlər verir və ekstremistlərə qarşı anti-terror əməliyyatlarına yardım edir.
Prezident Donald Tramp Amerika əsgərlərinin çıxarılması qərarını sülh danışıqları ilə əlaqədar olaraq verib. Tramp ABŞ qüvvələrinin Əfqanıstandakı “sonsuz müharibə”dən çıxarılmasının vacibliyindən danışıb.
Müdafiə naziri Esper Kabilə Əfqanıstan hökumətinin liderlərinin keçən ay keçirilən prezident seçkilərinin ilkin nəticələrini planlaşdırıldığı kimi elan edilməsini təxirə salmasından sonra gedib.
Həm Əşrəf Qani, həm də onun birlik hökumətindəki tərəfdaşı olan icra başçısı Abdulla Abdulla qələbə üçün kifayət qədər səs topladıqlarına inandıqlarını bildirib.