Çərşənbə axşamı səhər Əfqanıstanın paytaxtı Kabilin cənubunda baş verən partlayış nəticəsində azı üç həkim və sürücü ölüb, bir nəfər isə yaralanıb. Hadisə həkimlər ölkənin ən böyük həbsxanasına işə gedərkən baş verib.
“Bu gün səhər saat 7:30 radələrində həbsxananın səhiyyə şöbəsinin baş direktoru vəzifəsini icra edən briqada generalı, doktor Nazifə İbrahimi və digər iki həkimin, eləcə də sürücüsünün yol kənarına yerləşdirilmiş minanın partlaması nəticəsində şəhid olması barədə kədərli xəbərə görə dərin təəssüf hissi keçiririk“ - deyə, həbsxana rəhbərliyinin bəyanatında bildirilib.
Ailə mənbələrindən alınan məlumata görə, hücum zamanı öldürülən həkim Əbdül Mətin doktor Nəzifə İbrahiminin həyat yoldaşı idi.
Qadın həkimlərdən biri də COVID-19-u müalicə müəssisəsinə çevrilmiş başqa bir yerli xəstəxanada işləyirdi.
İctimai Sağlamlıq Nazirliyinin sözçünün müavini Nurulla Tarakayi partlayış zamanı yoldan keçən bir neçə nəfərin də yaralandığını bildirib.
“Xüsusən pandemiya dövründə ön cəbhədə həssas həyatları xilas etmək üçün yorulmadan çalışan tibb işçilərinə son dərəcə ehtiyac olduğu zaman Həbsxana İdarəetmə Ofisi (OPA) həkimlərinin ölümü dəhşətli xəbərdir“ - deyə, ABŞ-ın müvəqqəti işlər vəkili Ross Vilson hücumu qınayıb.
İndiyə qədər heç bir qrup ölkə daxilində baş verən bir neçə oxşar hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.
Bazar ertəsi axşam ölkənin şərqindəki Qəzni vilayətində Əfqanıstanın tanınmış jurnalisti naməlum silahlı şəxslər tərəfindən qətlə yetirildi.
Ölkədə qərəzli qətllər artmaqdadır. Əfqanıstanın TOLOnews xəbər kanalının apardığı sorğuya görə, paytaxtda son iki ayda həyata keçirilən 60 kiçik və ya böyük hücumlar zamanı 133 nəfər ölüb.