Bazar ertəsi Əfqanıstanın cənub Helmənd vilayətində insanların çox olduğu bir bazara qarşı raket hücumu azı 23 mülki vətəndaşın ölümünə, 15 nəfərin yaralanmasına səbəb olub.
Sakinlər Sangin rayonunda Talibanla qarşıdurma zamanı raketin Əfqanıstan təhlükəsizlik qüvvələri tərəfindən atıldığını deyib.
Helmənd qubernatorluğu iddiaları rədd edib və qan tökülməsində üsyançı qrupu günahlandırıb.
Taliban nümayəndəsi Qari Yusuf Əhmədi bu hücumda üsyançı qrupun əli olduğunu təkzib edib.
Taliban Əfqanıstanın bu ən böyük vilayətinin çox hissəsinə nəzarət edir və ya təsiri altında saxlayır. Qrup hökumət qüvvələrinə qarşı mütəmadi olaraq hücumlar həyata keçirir.
Əfqanıstan prezidenti Əşrəf Qaninin ofisi hücumu pisləyərək, Talibanın sülh danışıqlarına zərər verdiyini deyib və zorakılığı dayandırmağa çağırıb.