Accessibility links

İŞİD-Xorasan qrupu Əfqanıstanda hücumların məsuliyyətini üzərinə götürüb


Əfqanıstan təhlükəsizlik qüvvələri Kabildə silahlı hücumun baş verdiyi yerdə patrul yerləşdirib, 12 may, 2020.

Əfqanıstanın şərqindəki Nangarhar vilayətində nüfuzlu polis komandirinin yas mərasiminə toplaşanlar arasındakı intiharçının bombanı işə salması azı 20 nəfərin ölümünə səbəb olub.

Bir neçə saat sonra İslam Dövləti qrupunun Əfqanıstandakı qolu olan İŞİD-Xorasan çərşənbə axşamı internetə yerləşdirdiyi məlumatda həyata keçirilən hücumun məsuliyyuətini öz üzərinə götürdüyünü bildirib.

Bir gün əvvəl isə qrup hədəfin Əfqanıstan kəşfiyyatının yüksək vəzifəli rəsmisi olduğunu deyərək, Kabildə təhlükəsizlik qüvvələrinin maşın karvanına edilən hücumların məsuliyyətini öz üzərinə götürmüşdü.

Rəsmilər qrupun hücumlarda əli olduğunu hələ təsdiqləməsələr də, bəziləri bu iddiaların qrupun nələrə qadir olduğu barədə xəbərdarlıq olduğunu deyirlər.

"Bütövlükdə təşkilatın zərərsizləşdirildiyini və ya məğlub edildiyini demək hələ tezdir" - deyə, beynəlxalq terrorizmlə mübarizə idarəsinin rəsmisi çərşənbə axşamı Amerikanın Səsinə bildirib.

"İŞİD-Xorasan qrupunun bu günə qədər tarixi onların kifayət qədər möhkəm olduğunu göstərir", kəşfiyyat məlumatlarının həssaslığını nəzərə alaraq, adının açıqlanmaması şərtilə danışan rəsmi əlavə edib.

Bəzi təhlilçilərin fikrincə, əks-terror rəsmilərinin belə düşünməsi qrupun bir sıra uğursuzluqlar qarşısında hələ də dayanıqlı olduğunun göstəricisi kimi qiymətləndirilə bilər.

Qrupa qarşı bu həftənin əvvəlində növbəti zərbə endirilib. Belə ki, Əfqanıstanın Milli Təhlükəsizlik İdarəsi Əbu Ömər Xorasani kimi tanınan qrupun lideri Zia-ül-Haq da daxil olmaqla, üç yüksək səviyyəli üzvünün həbs edildiyini elan edib.

Keçən ay Əfqanıstan paytaxtı Kabildə keçirilmiş bir sıra reydlər zamanı qrupun daha bir lideri, Abdulla Orakzai və onun 19 yardımçısı ələ keçirilib.

XS
SM
MD
LG