Cümə axşamı Əfqanıstanın cənub Helmand vilayətində bomba partlayışı Azad Avropa/Azadlıq Radiosunun (Radio Azadi) Əfqanıstan xidmətinin müxbirinin ölümünə səbəb olub.
Əfqanıstan rəsmiləri öldürülən jurnalist İlyas Dayi və qardaşının olduğu maşınının vilayətin paytaxtı Laşkərgahdakı mətbuat klubuna gedərkən maqnit partlayıcı qurğu ilə partladıldığını bildirib. Partlayış zamanı jurnalistin qardaşı və digər iki nəfərin yaralandığı deyilir.
Dayi on ildən çoxdur ABŞ-ın Azad Avropa/Azadlıq Radiosunun xarici yayım xidmətinin Əfqanıstan şöbəsi üçün Helmanddan reportajlar hazırlayırdı.
Təxminən bir aydır Taliban üsyançılarının hücumuna məruz qalan Ləşkərgahda səhər tezdən baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürən olmayıb.
”Həmkarım və əziz dostum İlyas Dayi bu səhər Laşkərgahdakı terror hücumunda həyatını itirdi. O, alicənab insan idi. O, gözəl gülümsəyirdi. Bu dəhşətli bir xəbərdir. İlyas, səni həmişə xatırlayacağıq” - deyə, Radio Azadi-nin Kabil bürosunun rəhbəri Sami Mehdi tvitter səhifəsində yazıb.
Əfqanıstan əhalisinin 60 faizindən çoxunun Radio Azadi-nin radio və internet proqramlarını izlədikləri deyilir.
Əfqanıstan prezidenti Əşrəf Qani hücumu qınayaraq, Dayinin öldürülməsində Əfqanıstanın “düşmənlərinin məqsədi dəhşətli cinayətlərini gizlətmək üçün medianın səsini susdurmaq“ olduğunu deyib.
Amerika Birləşmiş Ştatları da cümə axşamı Radio Azadi jurnalistinin öldürülməsini pisləyib. “Bu, mətbuat azadlığına növbəti hücumdur. Jurnalistlərə edilən bu hücumlar dərhal dayandırılmalıdır” - deyə, ABŞ-ın Kabildəki səfiri Ross Vilson tvitter səhifəsində yazıb.