Keçən həftə ABŞ-ın dəstəklədiyi hökumət devrildikdən sonra Əfqanıstanda olan əfqan mənşəli iki Amerika ailəsi Kabil hava limanından Amerikaya ağır səyahətlərindən danışır.
Həravi üç ay əvvəl Əfqanıstana xəstə atasını ziyarət etmək üçün getmişdi. Dostlarını və ailənisini qorumaq üçün şəxsiyyətinin açıqlanmasını istəməyən ABŞ-ın Tennessi ştatının sakini bazar günü Əfqanıstan hökumətinin qəflətən devrilməsindən sonra uşaqları ilə birlikdə səfərini yarımçıq qoyaraq, Kabil hava limanına tələsməli olduqlarını deyir.
Həravi deyir ki, onların Talibanın nəzarət məntəqələri və yaxınlığındakı kütlə arasından keçib hava limanına çatmaları təxminən 24 saat çəkib. “Hava limanının girişi yaxınlığındakı ərazi Taliban tərəfindən idarə olunurdu. Taliban insanların keçməsinə icazə vermirdi. Onlar atəş açır, insanları döyürdülər. Çox adam yaralanmışdı. Çox səy göstərdikdən sonra ikinci qapıya çatdıq və dörd saatdan sonra qarşımıza təxminən 400-500 Amerika əsgəri çıxdı. Xoşbəxtlikdən mən (ABŞ) vətəndaşı idim, pasportum, sənədlərim var idi və onlar bizim hava limanına girməyimizə icazə verdilər. ”
O, paytaxtı nəzarətdə saxlayan Taliban döyüşçülərindən qaçmağa çalışan insanların hava limanının kənarında izdiham yaratdığını deyir. “Hava limanına girmək istəyəndə yerdə bir qadın uzanmışdı. Sonra insanlar onu ayaqlamağa başladı. Onu xilas etmək üçün əlimdən gələni etdim, amma təəssüf ki, bacarmadım. Qızım qucağımda idi. O anı heç vaxt unutmaram."
Daha bir Əfqanıstan mənşəli amerikalı Sultan Əlizadə Kabilə anasını ziyarət etmək üçün həyat yoldaşı və üç uşağı ilə birlikdə getmişdi. Əlizadə evə qayıtmaq üçün keçən həftə Kabil hava limanına qədər getdiyi təcrübəsindən danışır. "Atışma şiddətli idi, boş bir patron kiçik qızımın üzünə dəydi və üzünü yandırdı, dodağını yaraladı."
O, uşaqlarının travmadan əziyyət çəkdiyini və onların artıq Əfqanıstana getmək istəmədiklərini deyir. "Mənim böyük qızım" Əfqanıstana heç vaxt getməyəcəyəm" və "bu dəfə Əfqanıstana getmək səhv idi" deyir."
ABŞ iyul ayından bəri təxminən 88000 insanın Kabil hava limanından təyyarələrlə evakuasiya edildiyini və hələ də minlərlə insanın orada ilişib qaldığını bildirib.