Accessibility links

Minlərlə əfqan ABŞ-a müvəqqəti daxil olmaqla bağlı müraciətlərinin təsdiqlənməsini gözləyir


Federal rəsmilərin bildirdiyinə görə, Talibanın Əfqanıstanı yenidən ələ keçirməsindən və ABŞ-ın bu ölkəni xaotik şəkildə tərk etməsindən bir müddət əvvəl 28 mindən çox əfqan müxtəlif humanitar səbəbdən müvəqqəti sığınacaq üçün ABŞ-a müraciət edib və onlardan yalnız 100-ə yaxını təsdiqlənib.

ABŞ-ın Vətəndaşlıq və İmmiqrasiya Xidməti humanitar əsaslarda müvəqqəti giriş icazəsi kimi tanınan və az istifadə olunan proqrama həddən artıq çox insanın müraciət etdiyini bildirib və gecikmələri aradan qaldırmaq üçün işçi qüvvəsinin sayını artıracağını vəd edib.

ABŞ-dakı əfqan ailələri və onları dəstəkləyən miqrant qrupları deyirlər ki, təsdiqlənmələrin yavaş getməsi onların qərblə əlaqələri səbəbindən repressiv İslamçı rejim altında qalan yaxınlarının təhlükəsizliyinə təhdiddir.

Ailəsi humanitar əsaslarda müvəqqəti giriş icazəsi istəyən 21 qohumuna sponsorluq edən Massaçusets sakini Səfi “Biz onların həyatı üçün narahatıq. Bəzən mənə elə gəlir ki, günün birində mənə zəng gələcək ki, onlar artıq yoxdur" deyib.

ABŞ-ın 38 yaşlı daimi sakini qohumlarını qisasdan qorumaq səbəbilə soyadının bildirilməsini istəməyib. O, bacısını, dayısını və onların ailələrini buraya gətirəcəyinə ümid edir. O, ailə üzvlərinin gizləndiyini və Taliban hakimiyyəti ələ keçirməzdən əvvəl dayısının tanınmış yerli məmur olduğu üçün, bu yaxınlarda evində partlayış baş verdiyini deyir.

Massaçusets ştatının Louell şəhərindəki Beynəlxalq Yeni İngiltərə İnstitutunun vəkilı Kyara Pyer müraciətlərin təsdiqlənməsinin yavaş getməsinin məyusedici olduğunu bildirib. Çünki ailələr sənədləri əldə etmək üçün artıq minlərlə olmasa da, yüzlərlə dollar xərcləyib.

Hər şərti buraxılış ərizəsi 575 dollardır. Kyara və digər vəkillərin dediyinə görə, əsasən ödənişlə maliyyələşdirilən Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) yalnız son bir neçə ayda əfqanlardan təxminən 11,5 milyon dollar alıb.

Qeyri-kommersiya təşkilatının 50-dən çox Əfqanıstan vətəndaşları üçün müraciət edən Pyer "Ailələrini çıxarmaq istəyən insanlar ümidsizdir. Biz geridə qalan insanlar, əsasən də immiqrasiya qanunlarımıza əməl edən və əllərində olan yeganə imkanlardan istifadə edən insanların qarşısında borclu deyilikmi?" deyir.

Vətəndaşlıq və İmmiqrasiya Xidmətinin (USCIS) sözçüsü Viktoriya Palmer həddən artıq çox olan müraciətlərlə işləmək üçün agentliyin 44 əlavə işçi hazırladığını deyib. Oktyabrın ortalarına olan məlumata görə, agentliyin bu proqram üzərində işləyən yalnız altı əməkdaşı var idi.

Viktoriya Palmerin dediyinə görə, iyulun 1-də təsdiqlənmiş 100-dən çox sənədin sahiblərindən bəziləri hələ də Əfqanıstanda, bəziləri isə üçüncü ölkələrdədir. Palmer bu proqrama adətən hər il müxtəlif ölkələrdən 2000-ə qədər insanın müraciət etdiyini və Vətəndaşlıq və İmmiqrasiya Xidmətinin onlardan 500-ə yaxınını təsdiq etdiyini deyib.

Çətinliyin bir hissəsi ondan ibarətdir ki, humanitar əsaslarda müvəqqəti giriş icazəsi canlı müsahibə tələb edir. Yəni Əfqanıstanda olanlar ilkin yoxlanışdan keçdikdən sonra ABŞ-ın başqa bir ölkədə fəaliyyət göstərdiyi səfirlik və ya konsulluğuna getməlidirlər. ABŞ rəsmiləri bunun aylarla və ya daha uzun çəkə biləcəyi və müsahibədən sonra belə müvəqqəti giriş icazəsinin veriləcəyinin heç bir zəmanəti olmadığı barədə xəbərdarlıq edir.

Humanitar əsaslarda müvəqqəti giriş icazəsi nə ABŞ-da daimi yaşamağa, nə də immiqrasiya statusu almağa icazə verir. Bu qanun sığınacaq və ya digər ənənəvi viza proseslərindən keçə bilməyən, lakin ölkəni təcili tərk etməli olan xarici vətəndaşlar üçün nəzərdə tutulub.

XS
SM
MD
LG