Accessibility links

Əfqanıstan təhlükəsizlik qüvvələrinin onlarla üzvü Taliban hücumlarında həlak olub


Əfqanıstanın Nangarhar vilayətində Taliban döyüşçüləri

Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, bazar günü Talibanın hücumları nəticəsində təhlükəsizlik qüvvələrinin onlarla üzvü həyatını itirib. Onların arasında yeli polis bölməsinin rəhbərinin də olduğu bildirilir.

Rəsmilər bildirib ki, gecə hücumları ölkənin şərqindəki Maydan Vardak, qərbdə Herat və şimaldakı Bağlan vilayətlərində törədilib.

Maydan Vardak vilayəti hökumətinin sözçüsü Amerikanın Səsinə bildirib ki, Taliban döyüşçüləri şənbə günü gec saatlarda Day Murdad dairə mərkəzinə hücum edib. Onun bildirdiyinə görə, polis idarəsinin rəhbəri Said Yunus Hüseyni və təhlükəsizlik qüvvələrinin 10-dan çox üzvü hücum zamanı həlak olub.

Verilən başqa məlumatlarda Talibanın Bağlan vilayətində Əfqanıstan ordusu və polis qüvvələrinə qarşı koordinasiya edilmiş hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin azı 20 üzvünün öldürüldüyü bildirilir.

Əfaqnıstanın ən böyük özəl yayım şirkəti olan TOLONews üsyançıların Bağlan-e-Mərkəzi dairəsində hərbi postları və ətrafdakı kəndləri ələ keçirdiyi haqda məlumat verib.

Əfqanıstan rəsmiləri Bağlanda döyüşlərlə bağlı açıqlama verməyib. Taliban açıqladığı bəyanatda təhlükəsizlik qüvvələrinin 60 üzvünü öldürüldüyünü və çox sayda hərbi sursat ələ keçirdiyini iddia edib. Üsyançı qrup tez-tez hərbi üstünlüklərin şişirdildiyi bəyanatlar verir.

Bu arada, Herat vilayətində Talibanın gecə hücumu zamanı Əfqanıstan təhlükəsizlik qüvvələrinin doqquz üzvünün öldüyü, altı nəfərin yaralandığı təsdiq edilib. Vilayət hökumətinin sözçüsü bundan sonra başlamış atışma zamanı hücumçuların öldürüldüyünü bildirib.

ABŞ-ın təlim verdiyi Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri Taliban üsyançılarına qarşı mübarizədə aparmaqda çətinlik çəkir və döyüşlərin intensivləşdiyi mövsümdə böyük itkilər verir. Üsyançı qrup Əfqanıstanın 407 vilayətinin təxminən 50 faizinin nəzarətini ələ keçirdiyini iddia edir.

XS
SM
MD
LG