Birləşmiş Ştatların Müdafiə Nazirliyi bazar ertəsi Əfqanıstanın şərqindəki Nanqarhar vilayətinin Şirzad bölgəsində baş verən atışma zamanı öldürülən iki Amerika əsgərinin adlarını açıqlayıb.
ABŞ və Əfqanıstan qüvvələrinin əfqan tərəfdaş tərəfindən pulemyotla atəşə tutulduğu zaman çavuş Havier Caquar Qutierrez və çavuş Antonio Rey Rodrigesin öldürüldüyü və digər 6 hərbçinin yaralandığı bildirilib.
“Orada əməliyyatlar hələ də davam edir. Biz hücumun qəsdən və ya səhvən törədildiyini bilmirik. Təhqiqat aparılması üçün oraya nümayəndə heyəti göndərilib. Detallar məlum olduqda sizə məlumat verəcəyik” - deyə, Nangarhar vilayətinin qubernatoru Şah Mahmud Mikayıl bildirib.
Amerikanın Səsinə şərh verən qubernator hərbçi paltarındakı hücumçunun da atışmada öldürüldüyünü deyib.
Əfqanıstanın Müdafiə Nazirliyinin bildirdiyinə görə, atışma zamanı Əfqanıstan ordusunun əsgəri də öldürülüb.
Şənbə günü öldürülən 2 nəfər də daxil olmaqla, 2020-ci il başlayandan bəri Birləşmiş Ştatların Əfqanıstanda 6 əsgəri ölüb. Keçən il isə 22 ABŞ həbçisi döyüşlərdə həlak olub.
Təlimlər və ya hərbi əməliyyatlar zamanı Əfqanıstanın hərbi personalının silahı yerli tərəfdaşlara və ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq qüvvələrə qarşı çevirməsi nadir hal deyil.
Taliban fürsət tapan kimi döyüşçülərinin Əfqanıstanın hərbi qüvvələrinə qarşı "daxili hücumlar" həyata keçirdiyini desə də, üsyançı qrup şənbə günü gecə baş verən hadisədə əli olmadığını deyib.