Əfqanıstan Müdafiə Nazirliyinin bildirdiyinə görə, bazar günü gecə Talibanın Əfqanıstanın şərqindəki Lağman vilayətində həyata keçirdiyi hücum zamanı Əfqanıstan Milli Ordusunun azı 6 əsgəri həlak olub, 5 nəfər yaralanıb.
Lakin adının açıqlanmasını istəməyən bir hökumət mənbəyi ölənlərin sayının 10, yaralananların 7 nəfər olduğunu bildirib. Yerli sakinlər isə Milli Ordunun 11 üzvünün öldüyünü, 9-nun yaralandığını deyib.
Müdafiə Nazirliyinin açıqlamasında Əfqanıstan qüvvələrinin Əlişinq bölgəsindəki hücumu dəf etdiyi və Talibanın ağır itki verdiyi bildirilib. Lakin hökumət mənbəyi hücum zamanı Hamvi Ordusunun azı 10 əsgərinin öldürüldüyünü deyib.
Yerli sakinlərin dediyinə görə, ordu kənddə yeni hərbi məntəqə qurub və Taliban hücumu gecə saatlarında, yeni hərbi qüvvələrin məntəqəyə yerləşdirilməsindən sonra edib.
Taliban sözçüsü Zabiyulla Mücəhid jurnalistlərə verdiyi açıqlamada qrupun hücumun məsuliyyətini öz üzərinə götürdüyünü deyib.
Bu arada isə paytaxt Kabildə bazar günü gecə 2, bazar ertəsi səhər 4 olmaqla, itki olmadan 6 partlayış olub.
Kabil polisinin sözçüsü Ferduz Farmurz jurnalistlərə səhər baş verən partlayışlar zamanı biri uşaq olmaqla, dörd mülki vətəndaşın yüngül yaralandığını bildirib.