Əfqanıstanın müvəqqəti müdafiə naziri hökumətin Herat vilayətində həyata keçirdiyi hava zərbəsinin toy məclisini deyil, Taliban yaraqlılarını öldürdüyü barədə dəlillər paylaşacağını deyib.
Əsədulla Xalid cümə axşamı Kabildə keçirilən yığıncaqda nazirliyin Adraskan bölgəsindəki Xom-e Zəirət kəndində Taliban döyüşçülərini göstərən video-görüntülərin olduğunu deyib. O, istintaqın hücum zamanı heç bir mülki vətəndaşın zərər görmədiyini sübut edəcəyinə ümid etdiyini bildirib.
Yerli sakinlərin Əfqanıstan hava qüvvələrinin çərşənbə günü səhər saatlarında etdiyi hücum zamanı səkkiz mülki vətəndaşın öldüyünü və uşaqlar da daxil olmaqla, onlarla insanın yaralandığını iddia etməsindən sonra Müdafiə Nazirliyi istintaq aparılacağına söz verib.
Herat bölgə xəstəxanasına aparılan bir neçə yaralı Amerikanın Səsinin yerli müxbirinə hava qüvvələrinin toy məclisini bombaladığı zaman orada olduqlarını deyib.
Herat vilayət hökumətinin nümayəndəsi Cialani Fərhad bomba atılan zaman Taliban komandiri də daxil olmaqla, onlarla Taliban döyüşçüsünün öldürüldüyünü bildirib.