Accessibility links

ABŞ Əfqanıstana 144 milyon dollar məbləğində yeni humanitar yardım ayırır


Birləşmiş Ştatlar Əfqanıstana təxminən 144 milyon dollar məbləğində yeni humanitar yardım ayıracağını bildirib. Yardım yaxın zamanda çardırılmazsa, bu qış orada milyonlarla insanın aclıqla üzləşə bilər.

Milli Təhlükəsizlik Şurasının sözçüsü Emili Horn açıqlamasında deyib ki, ABŞ yardımını qonşu ölkələrdəki əfqan qaçqınlar da daxil olmaqla, 18,4 milyondan çox həssas əfqana birbaşa dəstək verən müstəqil təşkilatlar vasitəsilə yönəldəcək.

“Tərəfdaşlarımız səhiyyə xidməti çatışmazlığı, quraqlıq, qida çatışmazlığı səbəbilə artan humanitar ehtiyaclara cavab olaraq, onları sığınacaq, əsas səhiyyə xidmətləri, qışa hazırlıq, təcili ərzaq yardımı ilə təmin edir və su, kanalizasiya və gigiyena xidmətləri ilə təmin edir" - deyə, Horn bildirib.

O qeyd edib ki, əlavə maliyyə 2021-ci ildə ABŞ-ın Əfqanıstanın özü və regiondakı əfqan qaçqınlar üçün humanitar yardımının ümumi həcmini 474 milyon dollara çatdırır ki, bu da digər dövlətlərlə müqayisədə ən böyük yardımdır.

BMT yardım agentliklərinin bildirdiyinə görə, qırx ildən çoxdur davam edən ölümcül münaqişələr və təbii fəlakətlər Əfqanıstanda ərzaq böhranı ilə nəticələnib.

BMT agentlikləri bu həftənin əvvəlində humanitar ehtiyacların görünməmiş səviyyəyə çatdığını bildirib və münaqişədən əziyyət çəkən ölkənin təxmin 40 milyon əhalisinin yarısından çoxunun, yəni 22,8 milyon insanın noyabr ayından etibarən "kəskin ərzaq çatışmazlığı" ilə üzləşəcəyi barədə xəbərdarlıq edib.

İlin sonuna qədər kəskin qida çatışmazlığından əziyyət çəkəcəyi gözlənilənlər arasında 3,2 milyon 5 yaşından aşağı uşaq var.

20 il davam edən müharibədən sonra, avqust ayında ABŞ və qərb qoşunları Əfqanıstanı tərk etdi və bu, Əfqanıstan hökumətinin Taliban qiyamçılarının əlinə keçməsinə nəticələndi.

İslamçı Talibanın hakimiyyətə qayıtması insan haqları və terrorizmlə əlaqədar narahatlıqlara səbəb olub və nəticədə ABŞ və digər dövlətlər Kabilə qarşı maliyyə sanksiyaları tətbiq edib.

XS
SM
MD
LG