Accessibility links

Taliban Bayden administrasiyasını Trampın Əfqanıstanla bağlı öhdəliklərini yerinə yetirməyə çağırır


Taliban cümə günü ABŞ-la 2020-ci ilin fevral ayında əldə edilən razılığın Amerikanın “işğalçı” qoşunlarını Əfqanıstandan “təhlükəsiz çıxarmaq” məqsədi daşıdığını bildirib və Prezident Co Bayden administrasiyasının sənədi “nəzərdən keçirdikdən” sonra razılığa qarşı çıxmamasını gözlədiyini deyib.

Talibanın sülh danışıqları üzrə elçisinin yardımçısı Şer Məhəmməd Abbas Stanikzay bu açıqlamanı nümayəndə heyətinin Moskvaya səfəri zamanı Rusiyanın yüksək səviyyəli rəsmiləri ilə görüşü zamanı verib.

Stanikzay mətbuat konfransında Talibanın bu razılığı "Amerikada qanuni seçilmiş hökumətlə" imzaladığını bildirib və deyib ki, ABŞ-ın yeni rəhbərliyinin bunu nəzərdən keçirməsi onun "daxili işidir", lakin bu, Vaşinqtonun razılıqdan imtina etməsi demək deyil.

“Əfqanıstan tarixində heç kim xarici işğalçı qoşunlara təhlükəsiz bir keçid verməyib. Beləliklə, bu razılığıa uyğun olaraq amerikalılara təhlükəsiz keçid verməyimiz onlar üçün yaxşı imkandır. Ümid edirik ki, bunu nəzərdən keçirərkən onlar da eyni müsbət [nəticəyə] gələcəklər” - deyə, Stanikzay vurğulayıb.

Şir Məhəmməd Abbas Stanikzay
Şir Məhəmməd Abbas Stanikzay

O, Talibanın Əfqanıstandakı ABŞ əsgərlərini öldürmək üçün Rusiyadan mükafat aldığna dair iddiaların "tamamilə yalan" olduğunu deyib.

“Amerikalıların öldürülməsi üçün bizə mükafat verəcək heç kimə ehtiyacımız yoxdur. Amerikalılar işğalçıdır və biz onları 2001-ci ildən bəri öldürürük” - deyə, Stanikzay bildirib və Vaşinqtonun qarşılıqlı razılaşdırılmış qoşunlarının geri çəkilmə müddətinə sadiq qalmasının vacibliyini vurğulayıb.

Amerikanın Səsi Əfqanıstanın paytaxtı Kabildə olan ABŞ-ın hərbi rəsmilərindən şərh almaq istəsə də, indiyə qədər heç bir cavab verilməyib.

ABŞ-Taliban razılaşmasına əsasən Amerika və NATO əsgərlərini may ayına qədər ölkədən çıxaracaq, bunun əvəzində isə üsyançılar terror əməliyyatlarını dayandıracaq və iyirmi illik müharibəyə həmişəlik son qoymaq üçün əfqan rəqibləri ilə danışıqlara başlayacaq.

“Bundan sonra onlar Əfqanıstanda qalsalar bizə mükafat verilsə də, verilməsə də, biz onları öldürəcəyik. Biz mükafatımızı Allahdan alırıq. İşğalçılarla mükafat almadan, təşəkkür edilmədən mübarizə aparırıq” -deyə, Stanikzay xəbərdarlıq edib.

ABŞ-ın təşəbbüsü ilə keçən ilin fevral ayının 29-da əldə edilən razılaşma Taliban və Əfqanıstan hökuməti arasında sentyabr ayında birbaşa danışıqlara yol açsa da, tərəflər bir-birini günahlandırmaqda davam etdiyi üçün dialoq çox yavaş irəliləyir.

Danışıqların irəliləməsi üçün Kabil Talibandan atəşkəs elan etməsini tələb edir, üsyançılar isə münaqişənin dayandırılması üçün siyasi razılaşmanın gərək olduğunu israr edir.

Stanikzay eləcə də Vaşinqtonu müqavilədə göstərilən Taliban liderlərinin adlarının BMT-nin Qara Siyahısından çıxarılması və bütün üsyançı məhbusların Əfqanıstan həbsxanalarından azad edilməsi kimi tələbləri yerinə yetirməməkdə günahlandırıb.

XS
SM
MD
LG