Taliban bazar ertəsi Əfqanıstanda 18 illik müharibəyə son qoymaq üçün beynəlxalq təminatçıların iştirakı ilə ABŞ-la sülh sazişini bu ayın sonuna qədər imzalayacağına əminliyini ifadə edib.
Üsyançı qrupun yüksək səviyyəli rəsmisi Taliban tərəfdarı xəbər agentliyinə tərəflərin imzalama mərasiminin 18 aydır sürən ABŞ-Taliban danışıqlarına ev sahibliyi edən Qətərin paytaxtı Dohada keçirilməsi haqda razılığa gəldiyini deyib.
Talibanın danışıqlarda iştirak edən və Dohada siyasi ofisi olan əsas nümayəndəsi Əbdül Salam Hənəfi tarix barədə bir söz deməyib, lakin bundan əvvəl üsyançı qrupun müxtəlif mənbələrindən razılığın fevralın 29-da imzalanacağı bildirilmişdi.
Hənəfi mərasimə şahid kimi dəvət olunanlar arasında Əfqanıstanın bütün qonşuları, BMT Təhlükəsizlik Şurası, İslam ölkələri və Avropa Birliyindən nümayəndələrin olacağını bildirib.
Onun sözlərinə görə, dialoq prosesi başa çatıb və artıq sülh sazişinin yekun layihəsi hazırlanıb. Hənəfi sülh sazişinə imza atıldıqdan dərhal sonra Əfqanıstan hökuməti və ABŞ-ın 5 min üsyançı məhbusu, Talibanın isə minə yaxın məhbusu azad edəcəyini əlavə edib.
Bununla belə Vaşinqton Talibanla sülh müqaviləsi istiqamətində yalnız Əfqanıstanda 7 gün müddətində qarşılıqlı şəkildə razılaşdırılmış barışığın reallaşdırıldığı halda irəliləcəyini vurğulayıb.
ABŞ rəsmiləri keçən həftə əldə edilmiş qısa müddətli atəşkəsin "tez zamanda" qüvvəyə minəcəyini bildirib, lakin tarix göstərməyib. Bununla belə Taliban mənbələri atəşkəsin fevralın 22-də qüvvəyə minəcəyini bildirib.
Əfqanıstanın Baş icraçı direktoru Abdullah Abdullah da bazar ertəsi Kabildə Nazirlər Kabinetinə ABŞ və Taliban arasında sülh razılaşmasının "yekunlaşdırıldığını" bildirib. "Sazişin imzalanması yeddi gün ərzində zorakılığın azaldılmasına əsaslanır və (sülh prosesi) bundan sonra davam edəcək" deyən Abdullah belə görünür, qısamüddətli barışığa işarə edib.