Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, çərşənbə axşamı Bamian vilayətinin paytaxtında iki ardıcıl bomba partlayışı azı 14 nəfərin ölümünə, 50 nəfərin yaralanmasına səbəb olub.
Şiələrin azlıq təşkil etdiyi Həzəra bölgəsindəki bu ölümcül hücum ABŞ və müttəfiqlərinin 19 il əvvəl Əfqanıstanı işğal edərək, Talibanı hakimiyyətdən devirməsindən bəri ilk belə hücumdur.
Daxili İşlər Nazirliyinin sözçüsü Tariq Arian adının da Bamian olduğu vilayətin paytaxtındakı bazarda günortadan sonra baş verən partlayışları təsdiq edib. O, qurbanların demək olar ki, hamısının mülki insanlar və aralarında uşaqların da olduğunu bildirib.
Vilayət xəstəxanasının rəhbəri Fəruhuddin Əmiri Amerikanın Səsinə yaralılardan bir neçəsinin vəziyyətinin ağır olduğunu və ölənlərin sayının arta biləcəyini deyib.
Hücumun məsuliyyəti üzərinə götürən olmayıb.
Taliban sözçüsü "mülki hədəflərə edilən hücumları qınadığını" deyərək, hücumlarda əli olmadığını bildirib.
Taliban hücumda əli olmadığını bildirdikdən sonra bomba hücumlarının müntəzəm olaraq paytaxt Kabildə yaşayan Həzərə icmasının üzvlərinə qarşı bomba hücumları və digər zorakılıqlar həyata keçirən İslam Dövləti tərəfindən edildiyindən şübhələnilib.
Bamiandakı partlayışlar çərşənbə axşamı donor ölkələrin Cenevrədə görüşərək, zorakılıqlara məruz qalan bu Cənubi Asiya ölkəsinə maddi yardım vəd etdiyi gündə baş verib.