ABŞ prezidenti Co Bayden Amerikanın sonuncu hərbi qüvvələrininin Əfqanıstandan çıxarılmasından və 20 illik müharibənin Talibanın hakimiyyətə gəlməsi ilə bitməsindən sonra çərşənbə axşamı xalqa müraciət edəcək.
Bayden bazar ertəsi verdiyi qısa açıqlamada xüsusi olaraq, ABŞ qoşunlarının Kabildəki mövcudluğunu təyin etdiyi 31 Avqust tarixindən sonra uzatmamaq qərarı haqda danışacağını bildirib.
Bayden və administrasiyasının digər üzvləri təhlükə təhdidləri şəraitindəki ABŞ vətəndaşlarını və mülki əfqanları təxliyə etmək üçün aparılan böyük bir əməliyyatın çətinliklərini və faydalarını balanslaşdıraraq, orada daha uzun müddət qalmağın mümkünlüyünü bir neçə həftə müzakirə edib.
"Bu, əvvəlcədən də planlaşdırılan hava vasitəsi ilə evakuasiya missiyasına son qoyulması ilə bağlı qərar Birgə Qərargahlar rəisləri və ölkədəki bütün komandirlərimizlə birgə verilib. Onların fikrincə hərbi missiyamızı sona çatdırmaq əsgərlərimizin həyatını qorumaq və qarşıdan gələn həftə və aylarda Əfqanıstanı tərk etmək istəyənlərin, mülki vətəndaşların perspektivlərini təmin etmək üçün ən yaxşı yol idi" - deyə, Bayden bildirib.
"Taliban təhlükəsiz keçidlə bağlı öhdəliklər götürüb və dünya onları həmin öhdəlikləri yerinə yetirməyə məcbur edəcək", Bayden əlavə edib.
Baydenin ordunun Əfqanıstandan çıxma tarixinə sadiq qalma qərarı siyasi rəqiblərinin və bəzi müttəfiqlərinin tənqidinə səbəb olub. Amerika ordusu Əfqanıstanı Əl-Qaidənin 11 sentyabr 2001-ci il terror hücumlarını həyata keçirməsindən və Taliban militanlarının onlara sığınacaq verməsindən sonra, ABŞ-ın ordusunu Əfqanıstana göndərməsinin 20-ci ildönümündən bir neçə gün əvvəl tərk edib.
ABŞ Mərkəzi Komandanlığının rəhbəri bazar ertəsi Pentaqonda keçirdiyi mətbuat konfransında jurnalistlərə ABŞ-ın son təyyarəsinin yerli vaxtla gecə yarısından az əvvəl Kabili tərk etdiyini və bununla ABŞ-ın Əfqanıstandakı missiyasının sona çatdığını bildirib.
General Kennet "Frank" Makkenzi Floridadakı CENTCOM qərargahından video bağlantı vasitəsilə "İnsanlarla dolu son təyyarə indi Əfqanıstanın səması üzərindən uçur", deyib və bunu təxliyənin və ABŞ-ın Əfqanıstandakı təxminən 20 illik missiyasının sonu adlandırıb.