Taliban avqustun ortalarında Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra həftələrdir bir çox əfqanı bu militantların 1990-cı illərdə hakimiyyətdə olduğu zamanlar kimi ictimai cəza tədbirlərini yenidən həyata keçirib-keçirməyəcəyi düşünürürdü.
Onlar buna cavabı şənbə günü aldı.
Əfqanıstanın qərbindəki Herat şəhərində Taliban qüvvələri adam oğurladıqları iddiası ilə güllələnən dörd nəfərin cəsəini şəhərin dörd fərqli tərəfində asıb. Şəhərin mərkəzində tikinti kranlarından asılmış cəsədin ətrafına xeyli adam toplaşmışdı.
Qorxudan adının açıqlanmasını istəməyən bir yerli sakinin "Amerikanın Səsinə" dediyinə görə cəsədlər "günortadan axşamadək kranlardan asılı qalıb". "Yoldan keçən hər kəs onları görə bilərdi" - deyə, o bildirib.
Taliban rəsmiləri yerli mediaya yerli bir iş adamını və oğlunu qaçırdığı iddia edilən həmin dörd nəfərin silahlı qarşıdurma zamanı öldürüldüyünü, onların cəsədlərinin digər cinayətkarlara dərs olsun deyə asıldığını deyib.
Bir zamanlar adam oğurluğundan əziyyət çəkən bu şəhərdə bir çoxları iddia edilən cinayətkarların ədalətli şəkildə cəzalandırıldıqlarını düşünür.
Şəhər sakinlərindən biri özünün Facebook səhifəsində "Adam qaçıranlar üçün ən yaxşı cəza!" yazıb.
Digərləri gördüklərinin vəhşilik olduğunu deyərək, qınayıb.
Facebook-un digər istifadəçisi isə "Hansı məhkəmə onların adam qaçırıldıqları qənaətinə gəldi və onların cəsədləri hansı qanunlara əsasən açıq şəkildə asıldı?" yazıb.
Hüquq müdafiəçilərinin fikrincə, Talibanın hökuməti daha müasir tərzdə idarə edəcəyinə dair söz verməsinə baxmayaraq, bu, onun hökuməti necə idarə edəcəyinə dair bir işarədir.
"Çirkin əməllərini ört-basdır etməyə çalışsalar da, Taliban 2 dərin narahatlıqlar doğuran Taliban 1-lə eyni təcrübələrə sahib olduğunu görürük" - deyə, Human Rights Watch-un icraedici direktoru Kennet Rot bazar ertəsi Beynəlxalq Hüquqşünaslar Komissiyasının təşkil etdiyi online toplantı zamanı bildirib.
Human Rights Watch qrupu Əfqanıstanı ələ keçirməsindən bəri Taliban tərəfindən həyata keçirilən insan haqları pozuntularını sənədləşdirir. Rot "Əldə etdiyimiz məlumatlar çox böyük narahatlıqlar doğurur" deyib.
Rot keçmiş hökümət məmurları və təhlükəsizlik işçilərinin həbs və edam edilməsi, itkin düşmələri və özbaşına həbslər həyata keçirmələrinə dair məlumatların olduğunu bildirib.
O, digər hüquq müdafiəçilərinə qoşularaq, Talibanın sui-istifadə hallarının araşdırılması və məsuliyyətə cəlb edilməsi üçün BMT İnsan Haqları Şurasını yeni bir qurum yaratmağa çağırıb.
Taliban bütün ittihamları rədd edir.
Şənbə günü Heratdakı səhnə Talibanın ilk dəfə hakimiyyətdə olduğu 1996-cı ildən 2001-ci ilə qədərki dövrü - insanları məhkəməsiz və ədalətsiz şəkildə cəzalandırdıqları dövrü xatırladır.