Çərşənbə axşamı bir qrup silahlı və intiharçının Əfqanıstanın Kabildəki əsas hərbi xəstəxanasına hücumu zamanı azı 15 nəfəri ölüb, çox sayda insan yaralanıb.
Talibanın təhlükəsizlik rəsmisi anonimlik şərti ilə itkilər barədə məlumatı təsdiqləyib.
Əfqanıstanın rəsmi xəbər agentliyi şahidlərə istinadən, hücumun arxasında İslam Dövlətinin Xorasan kimi tanınan regional qolunun dayandığını bildirməkdən başqa məlumat verməyib.
Taliban hökumətinin sözçüsü hücumun Əfqanıstan paytaxtının Vəzir Əkbər Xan bölgəsindəki xəstəxananın girişində güclü partlayışla başladığını bildirib. Bilal Kərimi ikinci bombanın xəstəxananın içərisində partladığını deyib.
Sərdar Məhəmməd Davud Xan xəstəxanasında Taliban qüvvələri ilə hücumçular arasında atışma baş verdiyi bildirilib. Ölənlərin dəqiq sayı məlum deyil və hücumun məsuliyyətini üzərinə götürən olmayıb.
Avqustun ortalarında Talibanın Əfqanıstanın nəzarətini ələ keçirməsindən sonra ölkədə İslam Dövləti-Xorasanın hücumlarının sayı artıb. Zorakılıqlar əsasən Taliban döyüşçüləri və azlıqda olan şiə icmasının üzvlərini hədəf alır. Artıq yüzlərlə insan öldürülüb və yaralanıb.
2017-ci ildə İslam Dövlətinin militantları hərbi xəstəxanaya hücum edərək, iyirmidən çox insanı qətlə yetirmişdi. Taliban da öz növbəsində Qərbin dəstəklədiyi Əfqanıstan hökumətinə və ABŞ-ın rəhbərlik etdiyi xarici qoşunlara qarşı hücumlar həyata keçirirdi.