Accessibility links

Əfqanıstan hökumətinin hava hücumları zamanı azı 24 mülki vətəndaş ölüb


Qurbanların yaxınlarının və şahidlərin Associated Press xəbər agentliyinə bildirdiklərinə görə, hökumətin ölkənin şimal bölgəsinə etdiyi hava hücumları zamanı uşaqlar da daxil olmaqla, azı 24 nəfər ölüb və 6 nəfər yaralanıb.

Associated Press xəbər agentliyi ilə əlaqə saxlayan iki şahid şənbə günü Kunduz vilayətinin Seyid Ramazan kəndinə edilən hava hücumları zamanı ölənlərin əksəriyyətinin mülki vətəndaşlar olduğunu deyib.

"Bu, bomba qəlpəsidir. Bu bomba atılan zaman evdə yeddi uşaq var idi" - deyə, qurbanların qohumu Xan Məhəmməd bildirib.

Kənd sakinlərinin dediyinə görə, ilk hava hücumunu Taliban döyüşçüsünə məxsus bir evi hədəf alıb.

Qurbanların qohumu Müzəfer Xan "əgər siz (hökumət) barışmaq istəyirsinizsə, niyə bomba atırsınız? Bir Talibana görə 20 nəfəri öldürdünüz" deyib.

Hava hücumları hökumətinlə Taliban müzakirəcilərinin Əfqanıstanda on illərdir davam edən müharibəyə son qoymaq və ölkənin gələcəyini həll etmək üçün ilk dəfə Qətərdə toplaşdığı vaxta təsadüf edir.

Əfqanıstan Müdafiə Nazirliyi hava hücumları zamanı 30 Taliban döyüşçüsünün öldürüldüyünü və öldürülənlər arasında mülki şəxslərin olduğu iddiaları ilə əlaqədar istintaq aparıldığını bildirib.

Seyid Ramazan kəndi Talibanın nəzarətindəki Xanabad mahalında yerləşir.

Taliban sözçüsü hökumətin həyata keçirdiyi hücumu qınayaraq, hava hücumları zamanı qrupun bölgədə heç bir hərbi əməliyyat keçirmədiyini deyib.

BMT mülki vətəndaşların öldürülməsinə görə hər iki tərəfi kəskin şəkildə qınayıb.

XS
SM
MD
LG