Accessibility links

ABŞ qüvvələri Kabilin beynəlxalq hava limanını qorumağa və evakuasiya işlərini təcili yerinə yetirməyə çalışır


Əfqanıstanın paytaxtı heç bir döyüş olmadan Talibanın əlinə keçdikdən bir gün sonra minlərlə amerikalı əsgər də daxil olmaqla, xarici hərbi qüvvələr Kabilin beynəlxalq hava limanını qorumağa və təcili olaraq evakuasiya işlərini yerinə yetirməyə çalışır.

ABŞ ordusunun yüksək səviyyəli bir rəsmisi Amerikanın Səsinə ABŞ-ın Mərkəzi Komandanlığının rəhbəri, general Frank Makkenzinin bazar günü Qətərdə Taliban nümayəndələri ilə görüşdüyünü təsdiq edib və generalın silahlı qruplaşmanın kütləvi evakuasiya missiyasına müdaxilə etdiyi təqdirdə ABŞ ordusunun özünümüdafiədən istifadə edəcəyi barədə xəbərdarlıq etdiyini bildirib.

O, Əfqanıstandan insanları evakuasiya etmək üçün neçə C-17 təyyarəsindən istifadə edildiyi sualına "hamısından" cavabı verib.

Mülki vətəndaşların Həmid Kərzai Beynəlxalq Hava Limanındakı uçuş zolağına toplaşması səbəbindən bəzi ABŞ əsgərlərinin bu gün səhər Kabilə gəlməsi saatlarla gecikib. Ordunun bildirdiyinə görə, hazırda aeroportun uçuş zolağı boşaldılıb və müdafiə qüvvələri yerə enib.

Pentaqon və Dövlət Departamentinin bazar günü açıqladığı birgə bəyanatında deyilir ki, "ABŞ Əfqanıstanda yaşayan minlərlə Amerika vətəndaşını, ABŞ-ın Kabildəki missiyasının yerli işçiləri və onların ailələrini, habelə xüsusilə həssas Əfqanıstan vətəndaşlarını ölkədən çıxaracaq."

Bəyanatda həmçinin ABŞ-ın Xüsusi Mühacir Vizası üçün uyğun olan minlərlə əfqanın evakuasiyasının sürətləndiriləcəyi bildirib.

Pentaqon və Dövlət Departamentinin birgə məlumatında deyilir: "Bütün kateqoriyalar üçün təhlükəsizlik yoxlamasından keçən əfqanlar birbaşa ABŞ-a köçürülməyə davam edəcək və hələ yoxlamadan keçməyənlər üçün əlavə yerlər ayrılacaq."

NATO Kabildə diplomatik varlığını qorumaq istədiyini bildirsə də, hazırda diqqətini hava limanına yönəldib.




XS
SM
MD
LG