Accessibility links

Əfqanıstanda üç qadın media işçisi qətlə yetirilib


Rəsmilərin bildirdiyinə görə, ölkədə şəhər mərkəzlərində peşəkar işçilər arasında qorxu yaradan qətllər dalğası fonunda çərşənbə axşamı Əfqanıstanın şərqindəki Cəlalabad şəhərində üç qadın media işçisi qətlə yetirilib.

Yerli Enikas televiziya şirkətinin rəhbəri Zalmay Lətifi qətlə yetirilən 18-20 yaşlarında üç gənc qadının bu yaxınlarda məzun olduğunu və stansiyanın dublyaj şöbəsində işlədiyini deyib.

Hökumət mənbələri qadınların işdən evə qayıdarkən öldürüldüyünü, şahidlər isə silahlı şəxslərin qaçmadan əvvəl qadınları güllə ilə başlarından vurduğunu bildirib. Verilən məlumara görə, hadisə yerində olan dördüncü bir qadın yaralanıb və xəstəxanaya çatdırılıb. Xəstəxana sözçüsü onun həyatı uğrunda mübarizə apardığını deyib.

Vilayət polis rəisi Cuma Gül Hemət hücumda şübhəli bilinən şəxsin həbs edildiyini və üsyançı Taliban qrupu ilə əlaqəli olduğunu bildirib. Taliban sözçüsü qrupun hücumda əli olduğunu inkar edib.

Son zamanlar baş verən silahlı hücumlar və nəqliyyat vasitələrinə yerləşdirilən kiçik partlayıcılarla hücumlar dalğası jurnalistləri, vətəndaş cəmiyyəti işçilərini və orta səviyyəli dövlət işçilərini hədəf alır.

Əfqanıstan hökuməti və bəzi xarici dövlətlər hücumları Talibanla əlaqələndirir. Taliban hücumlarla əlaqəsi olduğunu inkar edir. Paytaxtı Cəlalabad olan Əfqanıstanın Nanqahar vilayətində İslam Dövləti qrupu da fəaliyyət göstərir.

XS
SM
MD
LG