Sənədlərin verilməsi üçün idarənin bu həftə yenidən açılacağı xəbərindən bir gün sonra, çərşənbə günü yüzlərlə əfqan Kabildəki pasport idarəsinə axışıb. Talibanın təhlükəsizlik qüvvələri asayişi qorumaq üçün izdihamdakı bəzi insanları döymək məcburiyyətində qalıb.
Taliban rəsmiləri avqust ayında əvvəlki hökumətin süqutu və Talibanın hakimiyyəti ələ keçirməsindən sonra bağlanan və ölkədən qaçmaq istəyən əfqanların ümidsizliyinə səbəb olan xidmətlərin şənbə günündən fəaliyyətə başlayacağını bildirib.
"Pasport almaq üçün gəlmişəm, amma burada gördüyünüz kimi bir çox problem var, sistem işləmir" - deyə, Mahir Rəsuli adlı bir sakin ofisin xaricində Reuters xəbər agentliyinə bildirib.
O, "Burada suallarımızı cavablandıracaq heç bir məmur yoxdur. İnsanlar çaşqın vəziyyətdədir" deyib.
Pasport şöbəsinə rəhbərlik edən Taliban rəsmilərinin sözçüsü şərh verməkdən imtina edib.
İslamçılıq hərəkat Əfqanıstanı ələ keçirəndən bəri artıq quraqlıq və COVID-19 pandemiyasından əziyyət çəkən ölkədə yoxsulluq və aclıq daha da artıb.
Birləşmiş Millətlər Təşkilatı son aylar yarım milyon insanın ölkədən qaçdığını və səhiyyə xidmətləri, məktəblər və iqtisadiyyat dağıldığı təqdirdə bu rəqəmin artacağını bildirib.
Taliban hakimiyyə gəldikdən sonra bir çox donor ölkələrin yardımlarını dondurmasına baxmayaraq, bu İslamçı qrup beynəlxalq yardımları alqışladığını deyib.