Accessibility links

Taliban keçmiş təhlükəsizlik qüvvələri işçilərinin qətlləri ilə bağlı iddiaları araşdıracağına söz verib


Taliban hökuməti bazar günü Qərbin ABŞ-ın dəstəklədiyi Əfqanıstanın devrilmiş hökuməti ilə əlaqəsi olan təhlükəsizlik məmurlarını hədəfə alaraq, qətlə yetirmələri ilə bağlı iddialarını rədd edib və İslamçı qrupun ölkə daxilində ümumi amnistiyanı tətbiq etməyə tam sadiq olduğunu bildirib.

“Amnistiya fərmanını pozan hər bir (Taliban) üzvü mühakimə olunacaq və cəzalandırılacaq. İnsidentlər (məqsədli qətllər) hərtərəfli araşdırılacaq. Lakin əsassız şayiələr ciddi qəbul edilməməlidir" - deyə, Talibanın Xarici İşlər Nazirliyinin sözçüsü Əbdül Qahar Balxi tvitter səhifəsində yazıb.

Şənbə günü Birləşmiş Ştatlar da bir sıra qərb ölkələri və müttəfiqlərinin avqustun ortalarında hakimiyyətə qayıtdıqdan sonra Talibanın 100-dən çox keçmiş əfqan polis və kəşfiyyat işçisini öldürdüyü və ya qeyri-qanuni həbs etdiyi barədə xəbərləri pisləyib.

Dövlət Departamentinin açıqladığı ABŞ, Avropa İttifaqı, Avstraliya, Böyük Britaniya, Yaponiya və digərlərinin bəyanatında “Əfqanıstan təhlükəsizlik qüvvələrinin keçmiş üzvlərinin qətlləri və yoxa çıxmaları ilə bağlı Human Rights Watch və başqa təşkilatlar tərəfindən sənədləşdirilən xəbərlərdən dərin narahatıq” deyilib.

İddia edilən hərəkətlər “ciddi insan hüquqları pozuntusudur və Talibanın elan etdiyi amnistiya ilə ziddiyyət təşkil edir”, bəyanatda deyilir. O, Kabildəki yeni hökmdarları “ölkə boyu və öz sıralarında” amnistiyanı dəstəkləməyə çağırıb.

“Human Rights Watch” keçən həftə açıqladığı hesabatında avqustun ortalarından oktyabr ayına qədər Taliban qüvvələrinə təslim olmuş və ya onlar tərəfindən həbs edilmiş Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinin 47 keçmiş üzvü, digər hərbi qulluqçu, polis və kəşfiyyat agentinin məhkəməsiz edamını və ya yoxa çıxdığını sənədləşdirdiyini bildirib.

Birgə beynəlxalq bəyanatda bu hadisələrin operativ və şəffaf araşdırılması tələb olunub. "Biz Talibana onların hərəkətlərinə görə qiymət verməyə davam edəcəyik" - deyə, bəyanatda bildirilib.

İslamçı qrup qadınların hüquqları da daxil olmaqla, bütün əfqanların,insan haqlarını qoruyacağı və ölkəni əhatəli siyasi quruluşla idarə edəcəyi ilə bağlı öhdəliklərini yerinə yetirməsi üçün təzyiq altındadır.

Beynəlxalq ictimaiyyət Taliban hökumətini tanımır və Qərb ölkələri insan haqları və terrorizmlə bağlı narahatlıqlar səbəbilə qrupun milyardlarla dollarlıq inkişaf yardımına, eləcə də ABŞ Federal Ehtiyatında olan Əfqanıstan Mərkəzi Bankının aktivlərinə çıxışını əngəlləyib.

Maliyyə sanksiyaları illərdir davam edən münaqişələr, yüksək yoxsulluq səviyyəsi və uzun müddət davam edən ümummilli quraqlıq səbəbindən milyonlarla insanın təcili humanitar yardıma ehtiyacı olduğu Əfqanıstanda iqtisadi böhranı daha da artırıb.

XS
SM
MD
LG