Yeni rəy sorğuları İslamçı Talibanın avqustun ortalarında ölkədə nəzarəti əlinə keçirməsindən sonra Əfqanıstanda media orqanlarının azı 40 faizinin yoxa çıxdığını, qadın jurnalistlərin isə 80 faizindən çoxunun işini itirdiyini göstərib.
Sərhədsiz Reportyorlar təşkilatının (RSF) yerli partnyoru Əfqanıstanın Müstəqil Jurnalistlər Assosiasiyası (AIJA) ilə birlikdə Əfqanıstanın bir vaxtlar çiçəklənən və canlı milli mediası ilə bağlı apardığı araşdırmaların nəticələrini çərşənbə axşamı açıqlayıb.
Araşdırmaların nəticələrində Talibanın hakimiyyəti ələ keçirməsindən sonra paytaxt Kabildə və ölkənin qalan hissələrində jurnalistlər üçün mühitin “son dərəcə gərgin” olduğuna görə təəssüflənildiyi bildirilib.
"Əfqanıstanda yayın əvvəlində qeydiyyatdan keçmiş 543 media orqanından noyabrın sonunda yalnız 312-si fəaliyyət göstərirdi" - deyə, araşdırmanın nəticələrində bildirilib.
Avqustun 15-dən, Taliban Əfqanıstanın paytaxtı Kabilə nəzarəti ələ keçirdikdən bəri 6400-dən çox jurnalist və media işçisi işini itirib.
“Proporsiyalara görə qadınlar daha ağır təsirə məruz qalıb. Hər 5 qadından 4-ü (84%) Talibanın gəlişindən sonra işsiz qalıb. Hər kişidən 1-i (52%) işini itirib” - deyə, sorğuda qeyd olunub.
Əfqanıstanın 34 vilayətinin 15-də qadın jurnalist yoxdur. Şimaldakı Couzcan vilayətindəki 19 media orqanında əvvəllər 112 qadın işləyirdi. İndi isə hələ də fəaliyyət göstərən 12 media orqanının heç birində qadın işləmir.
Tədqiqatda Taliban hərəkatının Əfqanıstanda nəzarəti ələ almasından əvvəl media qurumları və jurnalistlər tərəfindən keçirilən sorğuların nəticələrindəki rəqəmlərdən istifadə edilib.
Talibanın bir çox bələdiyyədən yerli mediaya heç bir qadın jurnalisti işə götürməməyi tələb etdiyi barədə şayiələr gəzir.
Əfqanıstan vilayətlərinin əksəriyyətində cəmi dörd ay əvvəl azı 10 özəl media orqanı var idi. Lakin hazırda bəzi bölgələrdə yerli media demək olar ki, yoxdur.
Avqustun əvvəlində paytaxtda 1100 qadın jurnalist və media işçisindən hazırda yalnız 320-si işləyir ki, bu, 73% azalma deməkdir.
Avqust ayından bəri yüzlərlə jurnalist Talibanın repressiyalarından qorxaraq və ya Taliban hakimiyyəti altında peşə fəaliyyəti ilə bağlı problemlərə görə Əfqanıstanı tərk edib.
Taliban rəsmiləri zorakılıq və ya media azadlığını boğan insidentlərin arxasında dayandıqları iddialarını dəfələrlə inkar edib.
“Sərhədsiz Reportyorlar” Taliban hökumətinin sözçüsü Zabihulla Mücahiddən sitat gətirərək, onun hökumətinin “şəriət və İslama hörmətlə yanaşdığını, ölkənin ali maraqlarını qorumaq üçün müəyyən edilmiş çərçivədə media azadlığını dəstəklədiyini” deyib.