Əfqanıstanda hakimiyyətdə olan Taliban bazar günü ölkədə qadınların səyahətinə yeni məhdudiyyətlər qoyub. ABŞ bu addım terror qruplaşması tərəfindən əfqan qadınlarına qarşı daha bir təhdid olduğunu deyərək, tənqid edib.
Əxlaqın Təşviqi və Nöqsanların Qarşısının Alınması Nazirliyi yaxın kişi qohumunun müşayiəti olmadan qadının 72 kilometrdən çox məsafədən artıq səfər etməsini məhdudlaşdırır. Yeni məhdudiyyət həmçinin taksi sürücülərinə yalnız maşınlarına hicablı və ya başıörtülü qadınlara minməyi təklif etməyi tövsiyə edib.
Nazirliyin sözçüsü Sadiq Akif Məhacir Amerikanın Səsinə məhdudiyyətləri müdafiə edərək, onların şəriət və ya İslam qanunlarına uyğun olduğunu deyib.
Fərmanda həmçinin Əfqanıstanda yalnız kişilərin işlədiyi nəqliyyat sektorunda sürücülərdən saqqal saxlamaq, namaz qılmaq və avtomobillərində musiqi çalmamaq tələb edilir.
Son məhdudiyyətlər Talibanın Əfqanıstan televiziya kanallarında aktrisaların iştirak etdiyi dram və serialların nümayişini dayandırmağı, qadın xəbər aparıcılarının efirdə hicab geyinməsini tələb etməsindən bir neçə həftə sonraya təsadüf edir.
Taliban avqust ayında Kabildə Qərbin dəstəklədiyi hökumət və Əfqanıstan təhlükəsizlik qüvvələrinin ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq qüvvələrin ölkədən çıxarılmasının son mərhələsində süqutundan sonra hərbi yolla yenidən hakimiyyətə gəlib.
Buna baxmayaraq, beynəlxalq ictimaiyyət Taliban hökumətini tanımayıb və insan haqları, xüsusən də qadın hüquqları və terrorizmlə bağlı narahatlıqlarla əlaqədar olaraq sərt xətt tərəfdarı olan bu qruplaşma ilə birbaşa əlaqə qurmaqdan imtina edib.
“Bizim Talibanla hər hansı danışıqlarla bağlı ən böyük problemlərimizdən biri məhz qadın və qızlara münasibət, o cümlədən qızların təhsili və statusu məsələsidir” - deyə, ABŞ-ın vitse-prezidenti Kamala Harris CBS News kanalında bazar günü yayımlanan müsahibəsində bildirib.
Talibanın 1996-cı ildən 2001-ci ilə qədər sərt rejimlə müqayisədə daha mötədil qaydalar vəd etməsinə baxmayaraq, bir çox vilayətdə əfqan qadınlarının əksəriyyətinin işə qayıtmasına və məktəbli qızların dərslərini bərpa etməsinin qarşısını alıb.