Accessibility links

Özəl qruplar Əfqanıstandan təxliyə uçuşlarını davam etdirmək üçün hökumətdən maliyyə yardımı istəyir


Qış yaxınlaşdıqca Amerikanın veteranlar təşkilatları və digər özəl qrupları avqust ayında ABŞ-ın hava nəqliyyatı vasitəsi ilə həyata keçirdiyi evakuasiya zamanı ölkədən çıxara bilmədiyi minlərlə həssas əfqanın təxliyəsinin davam etməsi üçün Dövlət Departamentinin maliyyə yardımı göstərməsini tələb edir.

Bahalı humanitar əməliyyatlar üçün hökumətdən maliyyə dəstəyi tələbi özəl təşkilatçılarla Dövlət Departamenti rəsmiləri arasında bu yaxınlarda keçirilən görüşlər zamanı səsləndirilib. Əfqanların köçürülmə işinə rəhbərlik edən Dövlət Departamenti qrupların təşkil etdiyi çarter uçuşlarını maliyyələşdirib-maliyyələşdirməyəcəyini deməsə də, təşkilatçılar bu cür yardımların indiyə qədər ləng gedən işi sürətləndirə biləcəyini deyir.

Evakuasiya edilmələrini gözləyən əfqanlara yardım etməyə çalışan könüllü təşkilatdan biri, Transit Initiatives-in həmtəsisçisi Sara Yim "Dövlət Departamenti bu evakuasiyada baş rol oynamaq istəyir ki, bu çox yaxşı işdir" deyib.

"ABŞ hökuməti evakuasiyanı təkbaşına sürətləndirə bilmirsə və bunu etmək üçün özəl təşkilatlarla ortaq olmağa hazırdırsa, mənim fikrimcə bu da bir qələbədir. Belə ki, özəl təşkilatlar əfqanları xilas edə və onlarla Əfqanıstan daxilində əlaqə saxlaya bilir" - deyə, Yim Amerikanın Səsinə müsahibəsində bildirib.

Taliban avqust ayında hökumətin nəzarətini ələ keçirdikdən sonra Əfqanıstandan təxminən 124 min mülki əhalinin təxliyə edilməsinə rəhbərlik edən Bayden administrasiyası minlərlə əfqan və 1000-ə qədər amerikalını geridə buraxdığına görə tənqidlərlə üzləşir.

Keçən həftə keçirilən mətbuat brifinqində ABŞ-ın özəl çarter uçuşları üçün maliyyə yardımı göstərib-göstərməyəcəyi barədə suala Dövlət Departamentinin sözçüsü Ned Prays birbaşa cavab verməyib. Bunun əvəzində o, ABŞ-ın Qətər və Pakistanla birlikdə apardığı "çarter əməliyyatları"ndan bəhs edib.

Sentyabr ayında ABŞ yüzlərlə Amerika vətəndaşının, yaşıl kartı olanların və digərlərinin Əfqanıstandan çıxarılması üçün Qatar Airways və Pakistan International Airlines-a pul ödəyib.

Lakin Dövlət Departamenti özəl çarter uçuşların kommersiya uçuşları bərpa olunana qədər dəyərli bir alternativ olduğunu düşünür.

"Bizim məqsədimiz [çarter uçuşları] daha da müntəzəm etmək və bu əməliyyatları bir qədər avtomatlaşdırmaqdır" - deyə, Prays bildirib.

Çarterlə evakuasiya uçuşları bahadır. Təşkilatçıların dediyinə görə, Əfqanıstanın şimalındakı Məzari-Şərif şəhərindən Yaxın Şərqdəki hərbi bazaya çarter uçuşun kirayə haqqı 750 min dollardan yuxarı ola bilər.

Human First Coalition təşkilatının sözçüsü Aleks Plitsas çarter reysinin yerdən qalxması üçün öncə beynəlxalq diplomatiyanın gərək olduğunu deyib.

Nə qədər əfqanın risk altında qaldığı bəlli deyil. Bəzi hesablamalara görə, bu rəqəm 100 minə yaxındır.

Aleks Plitsas iki şeydən biri baş verənə qədər təşkilatının missiyasını davam etdirməkdə qərarlı olduğunu deyib. "Ya maliyyəmiz tükənəcək və fəaliyyətimizi davam etdirə bilməyəcəyik, ya da bu reyslərlə çıxarılmalı olan hər kəsi çıxaracağıq" - deyə, o bildirib.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG