Əfqanıstanın mərkəzində vilayət polis mərkəzinin qarşısında intiharçının avtomobilindəki partlayıcıları işə salması nəticəsində ən azı 15 nəfər ölüb, 50-dən çox insan yaralanıb.
Əfqanıstan rəsmiləri bazar günü Ghor vilayətinin paytaxtı Firozkohda baş verən hücumu terror aktı kimi qınayaraq, qurbanlar arasında əsasən mülki şəxslərin olduğunu bildiriblər. Onlar güclü partlayış nəticəsində yaxınlıqdakı hökumət idarələrinə də zərər dəydiyini bildirib.
Vilayət xəstəxanasının müdiri Məhəmməd Ömər Lalzad Amerikanın Səsinə “çox sayda yaralının vəziyyətinin ağır olduğunu” deyib. Lalzad ölənlərin sayının artacağını gözlədiyini bildirib.
Əfqanıstanın Daxili İşlər Nazirliyi Talibanı günahlandırsa da, hücuma görə məsuliyyəti heç bir qrup öz üzərinə götürməyib.
ABŞ-ın Əfqanıstandakı səfiri vəzifəsini icra edən Ross Vilson hücumu qınayıb.
“Bu dağıntı və qan tökülməsi dayandırılmalıdır. Əfqanlar həyatlarını sülh şəraitində yaşamağa layiqdirlər”, o, Twitter sosial səhifəsində yazdığı mesajında bildirib.
Taliban keçən həftə Helmənddə genişmiqyaslı hücumlar keçirərək, vilayətin mərkəzi Ləşkərgah və onun ətrafında əraziləri ələ keçirib və şəhərə gedən yolları bağlayıb.
BMT döyüşlər nəticəsində 35000-dən çox mülki vətəndaşın didərgin düşdüyünü və Talibanın böyük hissəsinə nəzarət etdiyi vilayətdə təxminən 200 nəfərin öldüyünü bildirib.