Əfqanıstanın Nangarhar vilayətinin rəsmiləri bildirib ki, çərşənbə axşamı baş verən intiharçı bomba hücumunda ölənlərin sayı 68-ə çatıb.
Vilayət qubernatorunun sözçüsü Attahulla Xoqyani çərşənbə günü yaydığı bəyanatda hücum nəticəsində əlavə 165 nəfərin yaralandığını bildirib.
Hücum ucqar Mohmand Dara vilayətində, sakinlər Daka kəndində yerli polis komandirinin istefasını tələb etmək üçün etiraz aksiyası təşkil etməyə hazırlaşarkən baş verib.
Taliban hücumda əli olduğunu inkar edib.
Yerli təhsil direktoratının sözçüsü Amerikanın Səsinə bildirib ki, çərşənbə axşamı Cəlalabadda üç məktəb bomba hücumuna məruz qalıb və nəticədə bir uşaq ölüb, bir neçə nəfər xəsarət alıb.
Cəlalabaddakı hücumların məsuliyyətini öz üzərinə götürən olmayıb. Lakin orada son zamanlar baş verən demək olar bütün bomba hücumları və təhsil müəssisələrinə qarşı hərbi reydlərin məsuliyyətini İslam Dövləti öz üzərinə götürüb.