Əfqanıstan rəsmiləri şənbə günü ölkənin şərqində yerləşən Nangarar vilayətində partlayıcı maddələrlə dolu yük maşının partlaması nəticəsində azı 15 nəfərin öldüyü, onlarla insanın yaralandığını bildirir.
Əfqanıstanda son həftələrdə zorakılıqlarda artım müşahidə edilir, baxmayaraq ki, Əfqanıstan höküməti ilə Taliban qiyamçıları Qətərin paytaxtı Dohada sülh danışıqları aparır.
Nangarharda hökümət sözçüsü Amerikanın Səsinə bildirib ki, ölümcül bomba hücumu Qani Xel vilayətində gündüz saatlarında Əfqanıstanın casusluq idarəsi ilə əlaqəsi olan təhlükəsizlik qurğusunun yanında baş verib.
Attaullah Xogyani deyib ki, ölənlər və yaralananlar arasında həm təhlükəsizlik işçiləri həm də mülki vətəndaşlar var. O, tələfatların sayının arta biləcəyini deyib.
Hücumun məsuliyyətini üzərinə götürən olmayıb. Hücum Əfqanıstanda Taliban və İslam Dövləti terror qrupunun yerli qolu ilə əlaqəsi olan militantların yaşadığı vilayətdə baş verib.
Əfqanıstan prezidenti Əşrəf Qani rəsmi bəyanat yayaraq hücumu Talibanla əlaqəsi olan militantlar tərəfindən mülki vətəndaşları hədəf alan “əfvedilməz cinayət” adlandırıb.
Əfqanıstanın Daxili İşlər Nazirliyinin sözçüsü Tariq Arian da Talibanı hücumu planlamaqda günahlandırıb.
Arian Twitterdə yaydığı video bəyanatda bildirib ki, qiyamçılar son iki həftədə 650 hücum həyata keçirərək, 70-ə yaxın mülki vətəndaşı öldürüblər, çox sayda insanı yaralayıblar. Taliban bu ittihamlara hələ ki, cavab verməyib.
Qiyamçı qrup əfqanlar arasında aparılan sülh danışıqlarından nəticə əldə olunmayanadək ölkə daxilində və beynəlxalq atəşkəs çağırışlarını rədd ediblər.
Sülh üzərinə dialoq fevral ayında ABŞ-la Taliban arasında iyirmi ildir davam edən Əfqanıstan müharibəsinə son qoymaqla bağlı razılığın nəticəsidir. Danışıqlar sentyabrın 12-də başalyıb, amma hələ ki, heç bir böyük irəliləyiş əldə olunmayıb.
Bu səbəblə də ABŞ-ın Əfqanıstan danışıqları üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad bu həftənin əvvəlində Dohaya geri dönərək rəqib tərəfləri ziddiyətlərini həll edib, prosesi irəlilətməyə çağırıb.