Accessibility links

Əfqanıstandakı "əbədi müharibə"nin qəfil və faciəli sonu


Birləşmiş Ştatların Əfqanıstandakı 20 illik hərbi mövcudluğunun son mərhələsi onu göstərdi ki, bir çox amerikalının unutmaq istədiyi bu müharibə 1975-ci ildə Saiqonun fəlakətli çöküşü kimi bütün ölkənin kollektiv yaddaşına həkk olunacaq.

İyul ayında Prezident Co Baydenin ABŞ qoşunlarının və şəxsi heyətinin "təhlükəsiz və nizamlı şəkildə" çıxarılacağına dair vədinin əvəzinə amerikalılar 2001-ci ildə ABŞ tərəfindən devrilən Taliban üsyançılarının bir həftədən bir az uzun müddətdə ölkənin şəhərlərini bir-bir ələ keçirməsi və nəhayət avqustun 15-də Kabila girməsi ilə nəticələnən xaosla üzləşdi.

Amerikalı diplomatlar səfirlikdəki məxfi sənədləri yandırdıqları və avadanlıqları sıradan çıxardıqları bir vaxt ABŞ hava limanına nəzarət etmək üçün Əfqanıstana yenidən əlavə qüvvə göndərdi. Hava limanında isə ümidsiz mülki vətəndaşlar ölkəni tərk edən təyyarələrə minmək üçün uçuş zolağına axın etdi. Nəticədə hava limanında azı yeddi nəfər həyatını itirdi. Onların bəziləri ABŞ hərbi təyyarəsinin təkərlərinə yapışdı və təyyarə havaya qalxandan sonra yerə yıxılaraq öldü.

Bayden administrasiyası ötən həftə sonu boyu nəinki Amerika ordusunda müxtəlif vəzifələrdə xidmət edən on minlərlə Əfqanıstan vətəndaşı, heç Kabildə olan Amerika vətəndaşlarının ölkədən təhlükəsiz bir şəkildə çıxarılması üçün heç bir açıq plan hazırlamamışdı. Amerika ordusuna yardım edən əfqanlar indi ailələrinin qəddar Talibanın repressiyalarına məruz qala biləcəyindən qorxurlar.

Bayden bazar ertəsi böhranla bağlı Ağ Evdə çıxış edib. O, Əfqanıstan hökumətinin və təhlükəsizlik qüvvələrinin süqutunun "gözlədiyimizdən daha tez baş verdiyini" etiraf edib.

O, Amerika və müttəfiqlərinin işçi heyətinin, habelə Xüsusi İmmiqrant Vizası (SIV) ala biləcək tərcüməçilər də daxil olmaqla, əfqanların ölkədən çıxarılmasına yardım etmək üçün 6000 ABŞ əsgərinin Kabilə geri göndərildiyini təsdiq edib.

"Yaxın günlərdə ABŞ ordusu SIV almaq üçün tələb olunan meyarlara uyğun olan daha çox əfqan və onların ailələrinin Əfqanıstandan çıxarılmasına yardım edəcək. Biz səfirliyimizdə və ABŞ-ın qeyri-hökumət təşkilatlarında işləyənlər, eləcə də böyük risk qarşısında olan əfqanlar üçün də qaçqın proqramını genişləndiririk" - deyə, Bayden bildirib.

Bununla yanaşı ordunun geri çəkilməsi qərarını qətiyyətlə müdafiə edən Bayden Əfqanıstanın mülki və hərbi rəhbərliyini tənqid edib.

"Əfqanıstanın siyasi liderləri təslim olub ölkəni tərk etdi. Əfqanıstan ordusu çökdü və bəzi hallarda bu, hətta onlar döyüşməyə çalışmadan baş verdi. Əslində, keçən həftə baş verənlər ABŞ-ın Əfqanıstanda hərbi mövcudluğuna son qoymağın doğru qərar olduğunu təsdiqlədi. Amerika qoşunları Əfqanıstan qüvvələrinin özlərinin döyüşmək istəmədikləri bir müharibədə vuruşa bilməz və vuruşmamalıdır" - deyə, ABŞ prezidenti bildirib.

Taliban döyüşçüləri Prezident sarayında
Taliban döyüşçüləri Prezident sarayında

ABŞ-ın iyirmi ildir dəstəklədiyi Əfqanıstan hökuməti və təhlükəsizlik qüvvələrinin tamamilə çökməsi, münaqişənin yenidən nəzərdən keçirilməsinə səbəb oldu.

2001-ci ildən bəri Əfqanıstan münaqişəsində 2448 amerikalı ölüb. Brown Universitetinin amerikalı tədqiqatçıları bu müddət ərzində Pakistan və Əfqanıstanda 71 mini mülki vətəndaş olmaqla, 241 min insanın həyatını itirdiyini təxmin edir.

ABŞ ölkəni qərb demokratiyası imicində yenidən qurmağa çalışarkən 2 trilyon dollar xərcləyib. Lakin bu yay keçirilən ictimai rəy sorğuları amerikalıların böyük əksəriyyətinin Prezident Baydenin Əfqanıstanı tərk etmək qərarını dəstəklədiyini, üçdə birindən çoxunun isə Əfqanıstandakı müharibədə qalib gələ bilməyəcəklərinə inandıqlarını göstərib.

XS
SM
MD
LG