Avqustun 23-də Əfqanıstandan olan bir qrup miqrant Bakının mərkəzində, "Qış bulvarı" parkında etiraz aksiyası keçirib. Etirazçılar Birləşmiş Millətlər Təşkilatının Qaçıqnlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyindən onlara diqqəti artırmağı tələb edib.
Polis aksiyaya müdaxilə edib, etirazçıları parkdan uzaqlaşdırıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Amerikanın Səsinə bildirib ki, bu gün 40 nəfər miqrant icazəsiz aksiya keçirməyə cəhd edib.
“Aksiyada iştirak edənlər BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyinin onlara daha çox diqqət yetirməsini tələb ediblər. Aksiya icazəsiz olduğu üçün polislər həmin şəxslərlə profilaktik söhbət aparıb. Daha sonra aksiya iştirakçıları ərazidən uzaqlaşdırılıb,” o qeyd edib.
Bundan öncə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi ölkə ərazisində Əfqanıstandan 1226 qaçqının olduğunu bildirib. Onların statusu yoxdur, lakin səhiyyə, təhsil və çalışmaq imkanları var.
Əfqan miqrantlar Azərbaycana son hadisələrlə bağlı yox, əvvəlki illərdə gəlib. Onların bir çoxunun Avropaya getmək üçün Azərbaycan ərazisindən istifadə etdiyi bildirilir.