Accessibility links

Əfqan Sadıqov aclığı davam etdirir


Əfqan Sadıqov
Əfqan Sadıqov

Həbsdə olan Azel.TV-nin rəhbəri Əfqan Sadıqov 14 gündür aclıq edir.

Bu barədə Amerikanın Səsinə onun həyat yoldaşı Sevinc Sadıqova bildirib.

Onun sözlərinə görə İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov yalan məlumat yayaraq bildirir ki, Sadıqov aclıq etmir və tibb məntəqəsinə getmək istəmir.

"Əfqanın aclıq etməsi ilə bağlı noyabrın 4-də İstintaq Təcridxanasına verdiyi ərizəni gizlədiblər və sənədlərin arasına tikməyiblər. Əfqanı təcrid etmirlər, o, adi kameradadır. Təzyiqi 80/50-yə düşüb. Vəziyyəti pisdir, ona həkim nəzarəti yoxdur," deyə həyat yoldaşı Penitensiar Xidmətin rəhbərliyindən şikayət edib.

Bakı İstintaq Təcridxanasının rəhbərliyindən münasibət almaq mümkün olmayıb.

Amma Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov deyib ki, onların müəssisələrində aclıq edən məhbus yoxdur.

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq yeddi il müddətinə azadlıqdan məhrum edib.

“Mən məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Ortada heç bir hədə-qorxu, şantaj xarakterli yazı yoxdur. Bu səbəbdən aclığa başlayıram. Ədalət bərpa edilməsə aclığın 20-ci günündən sonra quru aclığa keçəcəm,” jurnalist məhkəmədə deyib.

Əfqan Sadıqov mayın 13-də saxlanılıb və Binəqədi rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

İstintaq iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10 000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.

Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilimiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir. Jurnalıist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı YouTube kanalı vasitəsilə də diqqətə çatdırıb.

Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.

“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin hardan gəldiyini yaxşı bilirik,” Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.

XS
SM
MD
LG