Accessibility links

Əfqan Sadıqov apellyasiya şikayəti verib


“Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqov Binəqədi rayon Məhkəməsinin onunla bağlı dörd aylıq həbs qəti imkan tədbiri seçməsi qərarından mayın 15-də apellyasiya şikayəti verib.

Bu barədə vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib.

Vəkil apellyasiya baxışının hələ təyin edilmədiyini deyib.

Əfqan Sadıqov mayın 13-də həbs edilib.

Baş Prokurorluğun Mətbuat xidməti məlumatına görə, “Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqov və “Xəbərfakt.az” internet xəbər portalının baş redaktoru Sakit Muradov vəzifəli şəxslərdən tələb etdikləri 10 min manatı alarkən cinayət başında yaxalanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanılıb.

Əfqan Sadıqov və Sakit Muradov təqsirləndirilən şəxs qismində cəlb edilərək Sadıqovun barəsində məhkəmənin qərarı ilə həbs, Muradovun barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədiimiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir. Jurnalıist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı yotube kanalı vasitəsi də diqqətə çatdırıb.

Bu məqalənin dərcindən sonra Əfqan Sadıqov Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən Cinayət Məcəlləsinin 147.2-ci maddəsi (böhtan) ilə xüsusi İttiham qaydasında məhkəməyə verilib.

Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.

“Yüksək vəzifəli bir neçə məmurları kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin hardan gəldiyini yaxşı bilirik”, Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.

Baş Prokurorluq həmçinin Azel.tv saytının rəhbəri Əfqan Sadıqovun sosial şəbəkələrdə yaydığı məlumatları təkzib edib.

“Baş Prokurorluqda aparılmış araşdırmalarla Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Əfqan Sadıqovun “Facebook” sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə qəsdən və qərəzli şəkildə sensasiya naminə Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində məskunlaşan Laçın rayonundan olan məcburi köçkün Aysel Səlimovanın ayrı-ayrı şəxslər tərəfindən guya zorakılığa məruz qalması ilə bağlı müraciətlərin polis və prokurorluq orqanları tərəfindən qeyri-obyektiv araşdırılmasına dair məlumatlar yayması müəyyən edilib. İctimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət etməklə cinayətkarlığa qarşı mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən tədbirlərin üzərinə kölgə salmağa yönələn həmin məlumatlar həqiqəti əks etdirmədiyindən tərəfimizdən qəti şəkildə təkzib olunur,” Mətbuat Xidmətinin məlumatında deyilir.

Məlumatda bildirilir ki, Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində yaşayan Aysel Səlimova və Ayşən Cəfərova bacıları təcavüzə məruz qalmaları barədə rayon prokurorluğuna, eləcə də rayon polis şöbəsinə hər hansı müraciət etməyib və bu barədə araşdırma aparılmayıb.

Əfqan Sadıqovun vəkili və ailə üzvləri, həmçinin Aysel Səlimova və Ayşən Cəfərova, onların ailə üzvləri Baş Prokurorluğun məlumatına hələ münasibət bildirməyib.

Binəqədi rayon Məhkəməsi mayın 13-də Sadıqov barəsində dörd aylıq həbs qəti imkan tədbiri seçib. O, ifadə verməkdən imtina edib və məhkəmədə yalnız "məni şərləyiblər," deyib.

Jurnalist daim kəskin tənqidi yazıları və araşdırmaları ilə tanınıb.

Sadıqov bundan öncə 2016-cı il noyabrın 22-də həbs edilib. O, Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham olunuraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan jurnalistin cəzası 1 il azaldılıb.

O, bir neçə dəfə müxtəlif müddətlərdə inzibati qaydada da həbsə məruz qalıb.

Sadıqov bütün hallarda ittihamları qəbul etməyib və bunun jurnalist fəaliyyətinin məhdudlaşdırılmasına yönəldiyini bildirib.

Jurnalist yerli hüquq müdafiəçiləri tərəfindən əvvəlki həbsi zamanı siyasi məhbus kimi tanınıb.

XS
SM
MD
LG