Bu gün, fevralın 24-də Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasında 150-dən çox müraciətə baxılıb.
Bununla da komissiyada baxılan müraciətlərin sayı 350-ni ötüb.
Komissiyanın üzvü Əliməmməd Nuriyev Amerikanın Səsinə deyib ki, Əfv Məsələləri Komissiyasına mindən çox insanın əfvi ilə bağlı müraciət edilib.
İki ilə yaxındır bütün kateqoriyalardan olan müraciətlərlə bağlı ölkədə əfv sərəncamı olmayıb.
Azərbaycanda son kütləvi əfv sərəncamı 2019-cu il martın 16-da olub. Bu sərəncam 431 nəfərə şamil edilib, onların 51 nəfəri yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınanlar olub.
Ötən il aprelin 7-də COVID-19 pandemiyası ilə bağlı 65 yaşından yuxarı risk qrupuna daxil olan məhbusların müraciətinə baxılıb, 176 şəxs əfv olunub.
Son aylarda çoxsaylı hüquq müdafiə təşkilatları ölkə başçısına müraciət edərək əfv və ya amnistiyanın vacibliyini xatırladıb. Hüquq müdafiəçiləri həmçinin siyasi məhbus kimi tanınan yüzdən çox məhbusun əfvini xahiş edib.