Accessibility links

Əfv Komissiyası yüzdən çox müraciətə baxıb


Həbsxana
Həbsxana

Bu gün, fevralın 19-da Azərbaycan Prezidenti yanında Əfv məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Komissiyanın üzvü Əliməmməd Nuriyev Amerikanın Səsinə bildirib ki, iclasda 100-dən artıq müraciətə baxılıb.

“Bu gün Əfv Məsələləri Komissiyasının ikinci iclası oldu. İclasda yüzdən artıq müraciətə baxıldı. Bundan öncəki iclasda da yüzdən çox müraciətə baxılıb. Beləliklə komissiya iki yüzdən artıq müraciətə baxıb. Ümumilikdə əfvlə bağlı müraciətlərin sayı mindən çoxdur” o qeyd edib.

Nuriyev bildirib ki, komissiya üzvləri ilə yanaşı iclasda Baş Prokuror, Ali Məhkəmənin sədri və Ombsudman da iştirak edir.

İki ilə yaxındır bütün kateqoriyalardan olan müraciətlərlə bağlı ölkədə əfv sərəncamı olmayıb.

Azərbaycanda son kütləvi əfv sərəncamı 2019-cu il martın 16-da olub. Bu sərəncam 431 nəfərə şamil edilib, onların 51 nəfəri yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınanlar olub.

Bir də ötən il aprelin 7-də COVID-19 pandemiyası ilə bağlı 65 yaşından yuxarı risk qrupuna daxil olan məhbusların müraciətinə baxılıb, 176 şəxs əfv olunub.

Son aylarda çoxsaylı hüquq müdafiə təşkilatları ölkə başçısına müraciət edərək əfv və ya amnistiyanın vacibliyini xatırladıb. Hüquq müdafiəçiləri həmçinin siyasi məhbus kimi tanınan yüzdən çox məhbusun əfvini xahiş edib.

XS
SM
MD
LG