Accessibility links

Əhməd Abbasbəyli: İyunda cəzaçəkmə müəssisələrində 50-dək məhbus COVİD-19-a yoluxub


Həbsxana

“Oğlum Aqil Məhərrəmlinin səhhəti yaxşı deyil. Onun istiliyi var. Dünən günortadan sonra xəstəxanaya köçürüblər.”

Bu barədə yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan Aqil Məhərrəmlinin anası Adilə Məhərrəmli Amerikanın Səsinə bildirib.
Öz növbəsində sosial şəbəkələrdə məlumat yayılıb ki, Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsindən koronavirus testi pozitiv çıxan 40 nəfər məhbus 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə (Tubzon) köçürülüb.

“Köçürülən xəstələr arasında AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli də var. Xəbəri bizə məhbus ailələri verib. Onlar doğmaları ilə bağlı narahatlıqlıqlarını ifadə edərək bilidiriblər ki, onların başına gələcək hər hansı hadisəyə görə hakimiyyət məsuliyyət daşıyır. Çünki uzun zamandır həbsxanalarda kütləvi qızdırma və boğazağrısı yayılması ilə bağlı xəbərlər yayılsa da, məsuliyyətli qurumlar bunu qulaqardına vurur,” məlumatda deyilir.

Ədliyyə nazirinin yanında İctimai Komitənin üzvü Əhməd Abbasbəyli Amerikanın Səsinə bildirib ki, 2 saylı Cəzaçəkmə Müəssisəsində bu günlərdə 2-3 nəfər məhbus temperaturunun yüksək olması ilə bağlı müraciət edib.

“Tibbi müdaxilə olunub, həmin məhbuslar iyulun 19-da digər məhbuslardan izolyasiya olunub. Tibbi yardım gəstərilib və COVİD-19 testləri götürülüb. Testin nəticələri hələ bəlli deyil,” o qeyd edib.

Abbasbəylinin sözlərinə görə, ümumilikdə cəzaçəkmə müəssisələrində məhbuslar arasında vaxtaşırı COVİD-19-a yoluxma halları aşakar edilir.

“İnfeksiyaya yoluxan məhbuslar cəzaçəkmə müəssisəsindən xüsusi ayrılmış müalicə müəssisəsində ayrıca barakda yerləşdirilir və orada mülaicəsi davam etdirilir.”

Onun sözlərinə görə, indiyədək cəzaçəkmə müəssisələrində 13 mindən çox məhbus COVİD-19 testindən keçirilib. İyun ayında təxminən 50 məhbusda koronavirusa yoluxma müəyyən edilib.

“Xəstəlik aşkar edilən məhbusların bir çoxu, yəni cəza müddəti az qalmış və qanunvericiliyin imkan verdiyi qaydada məhkəmələrin qəraraı ilə vaxtından əvvəl şərti azadlığa buraxılıb. Yalnız iyul ayında 200-dən çox xəstə və xəstə olmayan məhbus şərti azadlığa buraxılıb. Ümumilikdə, mart ayından başlayaraq mindən çox məhbus məhkəmələrin qərarı ilə şərti azadlığa buraxılıb,” İctimai Komitənin üzvü Amerikanın Səsinə deyib.

Öz növbəsində, Ədliyyə Nazirliyindən hələ bununla bağlı sualımıza cavab verilməyib.

Şərhlərə bax

XS
SM
MD
LG