Accessibility links

Əhməd Haşimi: İnqilabdan sonrakı 40 ildə azərbaycanlıların hərəkatı dünyəvi xarakter aldı


Əhməd Haşimi: İnqilabdan sonrakı 40 ildə azərbaycanlıların hərəkatı dünyəvi xarakter aldı
please wait

No media source currently available

0:00 0:13:21 0:00

Beynəlxalq nüvə razılaşmasının iflası və ABŞ-la gərginliklərin yenidən artması ilə bağlı kəskin tənqidlərə məruz qalan İran prezidenti Həsən Ruhani sərt-xətt tərəfdarları və digər din xadimlərinin getdikcə artan qəzəbi ilə qarşılaşır. Bu həftə İranın xarici işlər naziri Cavad Zərif sosial mediada istefa verdiyini elan etsə də, Həsən Ruhani onun istefasını qəbul etməyib. Bu inkişaflar İranda İslam İnqilabının 40 illiyinin tamam olduğu bir zaman baş verir. İran üzrə təhlilçi Əhməd Haşimi Amerikanın Səsinin Amerika İcmalı proqramında müsahibəsində İranda son siyasi inkişaflar, azərbaycanlıların durumu, İslam Respublikasının 40 illiyi və bunun tarixi dərslərindən danışıb.

İran Xarici İşlər Nazirliyinin keçmiş əməkdaşı olan Əhməd Haşiminin sözlərinə görə, Qərbdə daha mötədil bir siyasətçi kimi qəbul edilən xarici işlər naziri Cavad Zərifin İranda daxildən dəyişikliyə nail olmaq səylərində əsas rol oynaya biləcəyi ilə bağlı gözləntilərin olmasına baxmayaraq, ölkədə son qərarları ali dini rəhbərin verdiyi nəzərdən qaçırılmamalıdır.

“Zərif mötədil adlandıra bilər. Amma gerçəklik budur ki, son qərarları dini lider verir. Dini lider sanksiyalardan sonra qərar vermişdi ki, İran dünyaya bir qədər açıla və ona görə zəmin yaratdı, şərait yaratdı ki, Ruhani hakimiyyəti və Zərif İranın dünyaya daha `gülərüzünü` göstərsinlər və bu basqılar biz az azalsın.”

Son zamanlar sərt xətt tərəfdarları arasında Həsən Ruhaninin istefası ilə bağlı çağırışlara toxunan Əhməd Haşimi bildirib ki, Tehran rejimi üçün Ruhaninin vəzifədən kənarlaşdırılması hazırda prioritet deyil.

“Birinci öncəlik budur ki, Rusiya, Çin, xüsusilə Avropa Birliyi ilə anlaşa bilsin Amerikanın başçılığı ilə bu sanksiyalara qarşı, özəlliklə də Avropanın İranın maliyyə əməliyyatlarını apara bilməsi üçün göstərdiyi mexanizmlər İranın prioritetləridir. Ruhanini iqtidardan götürmək və başqasını gətirmək deyil.”

Əhməd Haşimi İranda son siyasi inkişaflar fonunda ölkədəki azlıqların qarşılaşdığı basqıları qeyd edib. Lakin o təəssüflə bildirib ki, İran rejiminə əsas müxalif qüvvələr də etnik azlıqların demokratik tələbləri və onların hüquqlarının təmin edilməsi məsələsində sərt mövqe tutur.

“Biz bilirik ki, əgər bu iqtidar bu tələblərə, demokratik istəklərə qarşıdırsa, müxalifətdə olan iki əsas qrup var - Xalq Mücahidləri və şah tərəfdarları – və təəssüflər olsun ki, onlar azərbaycanlıların istəklərinə və tələblərinə daha sərt baxırlar.”

Əhməd Haşimi bildirib ki, İranda hazırkı rejimdən narazı olan azərbaycanlılar digər tərəfdən müxalifətin də mövqeyini narahatlıqla qarşılayır. Onun sözlərinə görə, əsas müxalifət qrupları Azərbaycan məsələsini və türk dilini təhlükə olaraq görür.

Əhməd Haşimi İranda İslam inqilabından sonra keçən 40 il ərzində azərbaycanlıların milli hərəkatının dini deyil, dünyəvi prinsiplərə əsaslandığını vurğulayıb.

“Azərbaycanlılar şiə İslama çox önəm verdikləri üçün İslam inqilabının yanında oldular, dəstəklədilər, yardımçı oldular və onun bir parçası idilər. Amma getdikcə ondan uzaqlaşdılar və çox sevindirici bir durumdur ki, yeni Azərbaycan hərəkatı, yəni bu son 20, 30 ildə bir sekulyar hərəkatdır, şiəliyə, dinə, inanca dayanan bir hərəkat deyil. Amma o zaman elə deyildi. O zaman azərbaycanlılar da qatıldılar şiəçiliyə, şiəçilik çərçivəsində İran inqilabına. Amma indi təbii ki, böyük bir kəsim bundan razı deyil və öz haqlarını, öz tələblərini sekulyar bir çərçivədə irəli sürürlər. Yeni hərəkatda dinçilik böyük rol oynamır.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG