Accessibility links

Əkrəm Həsənov: Bankların problemləri aradan qaldırılmayıb


"2018-ci ildə bankların heç bir problemi aradan qaldırılmayıb".

Bu barədə bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib.

O deyib ki, bir neçə il əvvəl qəbul edilən Strateji Yol Xəritəsinə görə 2018-ci ildə ölkənin bank sisteminin sağlamlaşdırılması başa çatmalı idi.

"Amma bu, baş vermədi."

Əkrəm Həsənov hesab edir ki, problemli kreditlər məsələsi artıq 4 ildir çözülməmiş qalır.

"Deyəsən, indi həmin pulların qaytarılmayacağı hamıya aydındır."

Problemli kreditlər məsələsi artıq 4 ildir çözülməmiş qalır.
Əkrəm Həsənov, ekspert

Bununla belə, ekspert təsdiq edir ki, banklara əmanət qoyulmasında son dönəmlər artım var.

Onun fikrincə, bu, banklara olan inamdan yox, 2016-cı ildə əmanətlərin 3 illik tam sığortalanması haqqında qanunun qəbulu ilə bağlıdır.

"Həmin qanunun da martın əvvəlində müddəti başa çatır. Müddətin artırılıb-artırılmayacağı hələ ki, tam aydın deyil" , ekspert qeyd edib.

Bəzi bankların bağlana bilməsi təhlükəsinə gəlincə, Həsənov deyib ki, bu risk qalır.

"Ehtimal edirəm ki, bir neçə bank bağlana bilər. Çünki martın əvvəlində banklardakı əmanətlərin tam sığortalanması müddəti bitir," Həsənov bildirib.

​Amma son aylar ölkədə vaxtı keçmiş kreditlərin həciminin azaldığı bildirilir. Bu il yanvarın 1-nə bu məbləğ 1 milyard 585 milyon manat təşkil edib. Ötən il yanvarın 1-də problemli kreditlərin həcmi 1 milyard 626.7 milyon manat olub.

Pul
Pul

Bu il yanvarın 1-də Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 milyard 502.4 milyon manat, cəmi öhdəlikləri isə 25 milyard 430.6 milyon manat təşkil edib. Sektorun balans kapitalı 4 milyard 71.8 milyon manat olub.

2018-ci ilin dekabrında bank sektorunun aktivləri 1.1 (324.8 milyon manat), öhdəlikləri 0.6 (149.2 milyon manat), balans kapitalı isə 4.1 faiz (175.6 milyon manat) azalıb. Dekabr ayında bankların kredit portfeli 3.7 faiz (456.2 milyon manat) artaraq 12 milyard 628.3 milyon manat təşkil edib. Ümumilikdə isə 2018-ci ildə bank sektorunun kredit portfeli 11.4 faiz (1 milyard 290.7 milyon manat) artıb.

Bu il fevralın 1-də Mərkəzin Bankın sədri Elman Rüstəmov bildirib ki, 2019-cu ilin makroiqtisadi proqnozları 2018-ci ilin proqnozlarına çox bənzərdir, buna görə də 2019-cu ildə devalvasiyadan danışmaq ciddi deyil.

2015-ci ildə (fevralda və dekabrda) baş verən devalvasiyalar nəticəsində Azərbaycan manatı dollar qarşısında iki dəfə dəyər itirdi. Ölkədə 10-dan çox bank bağlandı. Bu onların öz öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilirdi. Vətəndaşlara isə həmin banklarda yalnız sığortalanmış əmanətlər qaytarıldı.

XS
SM
MD
LG