Türkiyə müxalifəti İstanbul meri postuna mübahisəli seçkilərdə yenidən keçirilən səsvermədə qalib gəlib və 25 ildən sonra Rəcəb Tayyib Ərdoğanın İstanbuldakı hakimiyyətinə son qoyub.
Son nəticələrə görə, Əkrəm İmamoğlu prezident Ərdoğanın namizədi Binəli Yıldırımı 31 mart seçkilərindəki 13 min səsdən fərqli olaraq, bu seçkilərdə 700 min səslə məğlub edib.
Bazar günü gecə izdihamlı tərəfdarları qarşısında çıxış edərkən İmamoğlu qalibiyyətinin demokratiya üçün təkan olduğunu deyib.
“Bu cəmiyyət azadlıqla qarşılanacaq. Görəcəksiz, bu cəmiyyət yanlışlıqları düzəldəcək. İnsanlarımıza inamım var. Onların demokratiyaya inandıqlarına inanıram. Prezidentimiz Təyyib Ərdoğan və rəqibim Binəli Yıldırıma məni təbrik etdikləri üçün təşəkkürümü bildirirəm” , İmamoğlu deyib.
Ərdoğan “milli iradənin yenidən büruzə verdiyini” yazaraq, İmamoğlunu Twitter vasitəsilə təbrik edib.
Ərdoğan İmamoğlunun əvvəlki seçkilərdəki qələbəsinin seçki monitorlarının texniki nasazlığı səbəbilə ləğv edilməsinə nail olmuşdu.
Prezident yenidən səsvermə keçirilməsi üçün öz siyasi nüfuzundan istifadə edib. Seçki elektoratının əksəriyyəti İmamoğlunun demokratiya və siyasi partnyorluq çağırışını dəstəkləyərək səs vermək üçün məzuniyyətlərindən geri qayıtmalı olub.
Ərdoğan siyasi karyerasına 1994-cü ildə İstanbul meri olmaqla başlayıb.
Müşahidəçilərin sözlərinə görə, Ərdoğana qarşı narazılıq 2016-cı ildə çevriliş cəhdindən sonra onun iş adamları, jurnalistlər və hüquq müdafiəçilərinin kütləvi həbslərindən sonra daha da artıb.
Müxaliifətin İstanbuldakı əhəmiyyətli zəfərinin Ərdoğan və Ədalət və İnkişaf Partiyasına (AKP) erkən seçkilərin keçirilməsi üçün təzyiqləri artıracağı gözlənilir.