Accessibility links

Əlövsət Əliyev Almaniyada saxlanılıb


Noyabrın 13-də Almaniyada fəaliyyət göstərən "Leqat" İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev polis tərəfindən saxlanılıb.

Sosial şəbəkələrdə yayılan məlumatlarda saxlanılanlar arasında Müsavat Avropa Koordinasiya Mərkəzinin (AKM) rəhbərləri, üzvləri və digər mühacirlərin olduğu da bildirilir.

Almaniyanın “spiegel.de” saytının məlumatına görə, polis Almaniyanın müxtəlif şəhərlərində reyd keçirib və qaçaq yolla Azәrbaycandan xeyli sayda insanın Almaniyaya aparılması ittihamı ilə bir neçә nәfәri hәbs edib.

Sosial şəbəkələrdə yayılmış istintaq materialında deyilir ki, dəstənin üzvləri öz qanunsuz fəaliyyətlərindən 300 min avro qazanc əldə edib.

Əlövsət Əliyevin oğlu Türkel Rüstəmxanlı atasının saxlanılmasını təsdiqləyərək bildirib ki, Əliyev noyabrın 13-də səhər saatlarında Berlinə gedərkən saxlanılıb.

Türkel Rüstəmxanlı əlavə edib ki, atasının rəhbərlik etdiyi qurum Almaniyada doğulan azərbaycanlı uşaqlara doğum şəhadətnaməsinin verilməsinə yardım edir və sənədlərin tərcüməsi ilə məşğul olur. Əlövsət Əliyevin isə hansı səbəbdən saxlanılması barədə Rüstəmxanlıda hər hansı məlumat yoxdur.

"Almaniyada fəaliyyət göstərən “Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev noyabrn 13-də bu ölkənin polis əməkdaşlarıı tərəfindən saxlanılıb," faktı Əlövsət Əliyevin Azərbaycanda yaşayan qardaşı, Azərbaycan Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı da təsdiqləyib.

“Nə üçünsə şübhələniblər ki, Əlövsət Almaniyaya miqrant daşınmasına kömək edib. Guya, qeyri-qanuni şəkildə Azərbaycandan oraya adamlar aparılmasına köməklik göstərib. İndi Azərbaycandan insanlar axıb Almaniyaya gedirlər, hüquqi yardım üçün müraciət edirlər. Əlövsət də kimə bacarırısa köməyini əsirgəmir,” o qeyd edib.

Sabir Rüstəmxanlı bildirib ki, bir neçə il öncə də Əlövsət Əliyevdən belə şübhələnmə olmuşdu.

“Amma bu şübhələr təsdiqini tapmamışdı. Yəqin, indi də elə olacaq”, Rüstəmxanlı əlavə edib.

Müsavat Partiyasının mətbuat xidməti açıqlama yayaraq bildirib ki, Müsavat AKM-in rəhbəri İlham Həsənin saxlanılması haqında yayılan xəbərlər yalandır.

“Bu gün İlham Həsənin özü ilə danışdım. Bildirdi ki, saxlanılmayıb, yalan məlumatdır,” Müsavat Prtiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli bildirib.

Açıqlamada həmçinin qeyd edilir ki, sosial mediada həbs olunduğu bildirilən və müsavatçı kimi qeyd edilənlər arasında həbsi barədə heç bir məlumat olmayan və Müsavat üzvü olmayan şəxslər də var.

“Məsələn, Müsavat üzvü kimi qeyd edilən Rəşad Məmmədov, nəinki, Müsavat üzvü deyil, uzun müddət Müsavat AKM və müsavatçılar əleyhinə kampaniya aparan şəxsdir. Bizdə olan ilkin məlumata görə, bəzi evlərdə olan axtarışlar və saxlanmalar məhz onun şikayəti əsasında həyata keçirilib. Xüsusilə sosial mediada yayılan məlumatlarla bağlı araşdırmalar davam edir. Yaxın vaxtlarda daha dəqiq məlumatlar veriləcək.”

“Almaniyada mükəmməl ədalət mühakiməsi sistemi mövcuddur.
Əminik ki, günahı olanlar cəzalarını alacaq hünahsızlar isə sərbəst buraxılacaq. Barəsində nəinki, məhkəmə hökmü olmayan, hətta saxlanması barədə məlumatlar dəqiqləşməmiş şəxslər barədə kampaniya başlamağa tələsmək lazım deyil,” açıqlamada bildirilir.

XS
SM
MD
LG