Əlcəzairin prezidenti Əbdüləziz Buteflika istefa verib.
Yaşlı Buteflika istefa məktubunu çərşənbə axşamı Əlcəzairin Konstitusiya Şurasının prezidenti Tayeb Belaizə təqdim edib. Buteflikanın istefası müdafiə nazirliyi ölkəyə uzun müddətdir rəhbərlik edən lideri “dərhal” vəzifədən getməyə çağırmasından qısa müddət sonraya təsadüf edib.
Yüzlərlə əlcəzairli çərşənbə axşamı Əlcəzair şəhərində küçələrə axışaraq bayram edib.
Fevral ayından bəri on minlərlə əlcəzairli əlil arabasında gəzən 82 yaşlı prezidentin beşinci dəfə namizədliyini irəli sürməyi nəzərdən keçirdiyini öyrənəndən sonra küçələrdə etiraz edir.
Bazar ertəsi prezident aparatı artan etirazlara təslim olaraq, prezidentin aprelin 28-də vəzifə müddəti başa çatdığı zaman vəzifədən gedəcəyini elan edib. Lakin bu, etirazçıları və müxalifət liderlərini qane etməyib, çünki onlar Buteflikanın bu yolla hakimiyyəti özünün seçdiyi başqa birinə təslim edəcəyindən narahat olub.
Konstitusiya Şurasının çərşənbə günü Buteflikanın istefasını rəsmiləşdirmək üçün bir araya gəlir. Konstitusiyaya əsasən onun istefasından sonra parlamentin yuxarı palatasının spikeri Əbdülkadir Bensalah yeni seçkilər təşkil olunanadək maksimum 90 günlüyünə müvəqqəti olaraq prezident vəzifəsini icra edəcək.
Buteflika 1999-cu ildən bəri hakimiyyətdədir, lakin altı il öncə iflic keçirəndən bəri çox nadir hallarda ictimaiyyət qarşısına çıxır.