Accessibility links

Əli Həsənov: Sanksiyalaşdırılmamış yürüş-mitinq keçirməyə cəhd göstərilib


Əli Həsənov
Əli Həsənov

“Noyabrın 17-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbərliyi və üzvləri, həmçinin bəzi digər siyasi təşkilatların bir qrup fəalı Şəhidlər xiyabanında Milli Dirçəliş Günü ilə əlaqədar sanksiyalaşdırılmamış yürüş-mitinq keçirməyə cəhd göstərib.”

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

O daha sonra əlavə edib:

“Məlum olduğu kimi, Azərbaycan qanunları ilə müəyyən edilmiş yerlərdə, o cümlədən rəsmi protokol tədbirlərinin təşkil olunduğu məkanlarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən sanksiyalaşdırılmamış hər hansı kütləvi tədbirin keçirilməsi qadağandır. Lakin qanunla qadağan olunmasına, müvafiq xəbərdarlığa baxmayaraq, yuxarıda qeyd olunmuş qurumların rəhbərlərinin təşkilatçılığı, bilavasitə iştirakı ilə bir qrup fəal Şəhidlər xiyabanı ərazisinə keçməyə və siyasi aksiya keçirməyə cəhd göstərib.”

Prezidentin köməkçisi bildirib ki, aksiya iştirakçıları qanunsuz kütləvi tədbirin qarşısını almağa çalışan hüquq-mühafizə orqanları əməkdaşlarının tələblərinə məhəl qoymayıb, hətta polis işçilərinə müqavimət göstəriblər.

Vurğulandığına görə, nəticədə aksiya iştirakçılarından 52 nəfər saxlanılıb və Səbail Rayon Polis İdarəsinə aparılıb.

“Məsələ araşdırıldıqdan sonra aksiya iştirakçılarının 41 nəfəri xəbərdarlıq olunmaqla sərbəst buraxılıb. Tədbirin təşkilatçıları və əsas fəalları olan 11 nəfər barəsində toplanılmış materialların baxılması üçün məhkəməyə təqdim olunması qərara alınıb.”

Əli Həsənov sonda deyib: “Təəssüflə bildirmək istərdim ki, bəzi yerli və xarici kütləvi informasiya vasitələrində, o cümlədən sosial şəbəkələrdə məsələ ilə bağlı dəqiqləşdirilməmiş, qeyri-obyektiv və birtərəfli məlumat yayılıb. Məsələ yanlış şəkildə insan hüquq və azadlıqlarının, o cümlədən sərbəst toplaşmaq, söz, məlumat azadlığının, fikir plüralizminin məhdudlaşdırılması kimi qələmə verilib.

Bir daha təkrar edirəm ki, hüquq-mühafizə orqanları qanunun tələblərinə uyğun olaraq qeyri-qanuni aksiyanın qarşısını alıb, bunun insan hüquq və azadlıqlarının pozulması ilə heç bir əlaqəsi yoxdur. Polis üçün əsas meyar siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir”-deyə, Əli Həsənov qeyd edib.

Milli Şuradan nə deyirlər?

Milli Şura və bu quruma daxil olan AXCP təmsilçiləri isə deyirlər ki, onlar noyabrın 17-də yürüş-mitinq keçirmək niyyətində olmayıblar. Məqsəd Milli Dirçəliş günü ilə bağlı əllərində gül Şəhidlər Xiyabanını ziyarət etmək olub. Həmin hadisə zamanı saxlanan və sonra da buraxılan Milli Şura sədri Cəmil Həsənli isə Azadlıq Radiosuna deyib:

​“Bu, hakimiyyətin daha çox qorxu sindromu üzərində qurulmuş ağılsız hərəkətidir. Ancaq antimilli hakimiyyət Şəhidlər Xiyabanının ziyarətgahəna maneçilik törədə bilər. Şəhidlər Xiyabanını ziyarət yalnız siyasi hüquqlarla bağlı deyil, milli-mənəvi məsələdir. Ona görə də bu hisslərdən məhrum olanlar belə qanunsuzluqlara yol verə bilərlər”.

Xatırlatma

1988-ci il noyabrın 17-də Bakının Lenin, indiki Azadlıq meydanında Qarabağda baş verən hadisələrə etiraz olaraq mitinqlər başlayıb. Fasiləsiz keçirilən mitinqlər dekabın 5-də sovet ordusunun zorakılığı ilə dağıdılıb.

1992-ci ildə 17 noyabr bayramlar sırasına salınıb və qeyri-iş günü elan edilib. Milli Dirçəliş günü Azərbaycanda dövlət səviyyəsində qeyd olunsa da, 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş dəyişikliklərə görə, artıq qeyri-iş günü deyil.

Bu il həmin hərəkatın 30 ili tamam olub.

AzadlıqRadiosu

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG