Accessibility links

Əli Həsənovun ittihamlara cavabı - “hər şey yaxşı keçsə on-on beş günə qayıdacam”


Əli Həsənov
Əli Həsənov

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) vəzifəli şəxsləri tərəfindən yol verilən qanunsuz əməllərə görə Cinayət Məcəlləsinin 179.4-cü (külli miqdarda mənimsəmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2-ci (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Hazırda həmin cinayət işi üzrə qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində intensiv və zəruri istintaq tədbirləri davam etdirilir.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti Amerikanın Səsinin Azərbaycan prezidentinin keçmiş köməkçisi Əli Həsənovun bu cinayət işi üzrə təqsirləndirilən şəxs kimi cəlb edilməsi barədə sosial şəbəkələrdə yayılan məlumatların doğru olub-olmaması ilə bağlı sualının cavabında bildirib.

Mətbuat xidməti suala birbaşa cavab verməsə də KİVDF-ə vaxtı ilə Əli Həsənovun kuratsiyasında olub və jurnalistlər üçün tikilən evlərin bölgüsündə yerli mediada onun adı neqativ hallanıb. Bəzi jurnalistlər iddia edir ki, evlərin bölgüsündə rüşvət halları olub və bir neçə mənzil jurnalist olmayan şəxslərə verilib.

Sosial şəbəkələrdə yayılan məlumatda deyilir ki, KİVDF-in keçmiş rəhbəri Vüqar Səfərovun və bir sıra jurnalistlərin, sayt rəhbərlərinin, keçmiş dostlarının ifadələri əsasında Respublika Prokurorluğunda Azərbaycan prezidentinin keçmiş köməkçisi Əli Həsənova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərində sui-istifadə etmə) və 308-1.1-ci (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələrilə cinayət işi açıblar.

"Avqustun 31-də Həsənovun Türkiyədə olduğu xəstəxana ilə əlaqə yaradılıb, onun səhhətinin təyyarəyə minməsinə imkan verib-vermədiyi öyrənilib. Həsənova deyilib ki, yaxın müddətdə geri dönməsə, Türkiyədən harasa qaçmağa cəhd göstərsə, bildiyi kompramatları kənara ötürməyə çalışsa, haqqında beynəlxalq axtarış elan ediləcək. Qolu qandallı Azərbaycana gətiriləcək,” Fikrət Hüseynli adlı facebook istifadəçisi yazıb.

Öz növbəsində Əli Həsənov bildirib ki, mövcud cinayət işi ilə bağlı prokurorluq orqanlarının təqsirləndirilən şəxs kimi onunla maraqlanmaları və hansısa axtarış tədbirləri həyata keçirmələri haqqımda yayılan məlumatların heç bir əsası yoxdur.

“Mən hazırda Türkiyədə müalicədəyəm və yəqin ki, hər şey yaxşı keçsə on-on beş günə Azərbaycana qayıdacağam,” Həsənov facebook səhifəsində qeyd edib.

XS
SM
MD
LG