Accessibility links

Əli İnsanov: Ramiz Mehdiyevə Heydər Əliyev ordeni verib, sonra da təhqir edirlər


Əli İnsanov
Əli İnsanov

Haqq Ədalət Partiyasının sədri Əli İnsanov Amerikanın Səsinə müsahibəsində köməkçisinin saxlanılması, ölkədə ictimai-siyasi durum, Ramiz Mehdiyev və onun ətrafında baş verənlər, müxalifət fəallarının həbsindən danışıb.

Amerikanın Səsi: Sizin köməkçinizi saxlayıblar və yaxud partiyanız bəyanat verib ki, yoxa çıxıbdır. Sizcə bunun səbəbi nədir, hansı orqanlar saxlayıb?

Bunların xəyallarında dolanan, Əli İnsanovun ölkədə və xaricdə dəstəklərini guya aşkar etməkdir. Beləliklə, partiyanın fəaliyyətini dayandırmaq, ona ciddi mane olmaq istəyirlər.

Əli İnsanov: İdarə heyətinin üzvü, partiya sədrinin köməkçisi Rəşad Abbaslı sentyabrın 5-də saat 16-da mənim yanıma gəlməli idi. İki saat gözləyəndən sonra onu axtardıq, telefonu cavab vermədi və yoxa çıxmış hesab etdik. Valideynləri polisə müraciət etdilər, 102 xidmətinə müraciət etdilər və onu itkin düşmüş kimi axtarışa başladılar. Bu günə kimi bizim ondan xəbərimiz yoxdur. Artıq ikinci sutka gedir. Qanunlara görə, hər hansı bir adam saxlanılırsa dərhal valideynlərinə məlumat verilməlidir. Bizim hökumətdə bu artıq adət halını alıb. Mən bunu oğurluq kimi dəyərləndirirəm. İnsan oğurlanıb, bilmirsən hansısa bandit aparıb, yoxsa hansısa təşkilatın üzvləri götürüb. İstənilən halda hökumət maraqlı olmalıdır. İndi baxın, nə baş verir? Bir gün sonra biz, təkrar müraciət edirik və öyrənirik ki, Rəşadı evinin yanından götürmək üçün 4 avtomobil gəlib. 2 Mersedes, 1 cip, 1 də Niva. 10 HR 007 nömrə nişanlı Niva həmin dəstədə olub. Hamısı birlikdə Rəşadı məcbur edib maşına oturdub, bir yerdə tərpəniblər və sürətlə aralanıblar. Bu barədə valideynləri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə məlumat verib. Atasına deyiblər, yaxşı bildik hansı maşındır, çıx get evinə. Görün, nə əcaib bir cavab. Qaçqın, xəstə, yaşlı, müəllim, nəcib tərbiyəli bir insan olan bu valideynlər, ailə üzvləri və biz, onun partiya yoldaşları hamımız narahat olduğumuz, nigarançılıq çəkdiyimiz bir vaxtda, izahat vermək əvəzinə, təsdiqləyir ki, bəli bilirik hansı maşın aparıb. Yəni, biz oğurlamışıq. Get evində otur, gözlə biz onun başına nə oyun açacağıq? Bunun həbsində, yaxud oğurlanmasında səbəb nədir? Bizim partiya yanvarın 25-də təsis olunub, 8 ay keçir. Qısa müddət ərzində Bakının 12 rayonu olmaqla, resbublikanın bütün şəhərləri və 50-ə yaxın rayonda partiyanın təşkilatları artıq yaranıb. Partiyaya böyük axın var. İnanın ki, biz qarşısını belə ala bilmirik. Bax, mənim evimə axışıb gəlirlər. Müraciətlər olur və partiya get-gedə genişlənir. Bizim nizamnamə var, proqram var. Biz gizli fəaliyyət göstərmirik. Biz qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət etmişik. Orada da bizi get-gələ salırlar. Ancaq faktiki olaraq biz gizli bir təşkilat deyilik. Açıq-aşkar, müxalif yöndə mübarizə aparırıq. Mübarizəmizin də dinc yolla olmasını, zorakılığa yol verilməməsini dəfələrlə bəyan etmişik. Yaxşı, belə bir halda, belə bir vəziyyətdə xeyir ola, bizim partiyanın funksionerlərindən biri bu formada aparılır. Narahat olan hakimiyyət bizim Haqq Ədalət Partiyasının rəhbərləri və partiya haqqında istədikləri geniş məlumatları toplamaq istəyirlər. İkinci, partiyanın belə sürətlə inkişafının qarşısını almaq istəyirlər. Nəhayət, bunların xəyallarında dolanan, Əli İnsanovun ölkədə və xaricdə dəstəklərini guya aşkar etmək istəyirlər. Beləliklə, partiyanın fəaliyyətini dayandırmaq, ona ciddi mane olmaq istəyirlər. Yoxsa, Rəşad Abbaslı kimə lazımdır. Mən güman edirəm, onu hökumət təşkilatları aparıb. Təssəüf ki, bütün qanunlara fikir vermədən, tapdayaraq Azərbaycan iqtidarına bu qədər bəyanatlar verilib, hamısı eşidib, bilir, ancaq bu insanın harada olması barədə bir reaksiya yoxdur.

Əli İnsanov: Ramiz Mehdiyevə Heydər Əliyev ordeni verib, sonra da təhqir edirlər
please wait

No media source currently available

0:00 0:14:28 0:00

Amerikanın Səsi: Hökumətin son islahatlar proqramına, daha doğrusu kadr islahatları proqramına münasibətiniz necədir?

Burada Ramiz Mehdiyevdən də sədaqətlə illərcə Heydər Əliyev və İlham Əliyevə xidmət etmiş ikinci bir adam varmı? O bircə dəfə də ağzını açıb deməyib ki, hakimiyyətdən narazıyam. Belə adamın da başına görün nə oyunlar açdılar.

Əli İnsanov: Olduqca neqativdir. Birinci, islahat proqramı belə aparılmır. İlham Əliyev birinci dəfə deyil ki, islahatlar apardığını elan edir. Bu dəfələrlə elan olunub və heç bir şey də baş tutmayıb. Nəyə görə? Çünki ortada konkret proqram, ideya yoxdur. Çünki ortada xalqla həmrəylik yoxdur. Mopassan deyirdi ki, qızıl gülün adını nə qoyursan-qoy, qızıl gül ətri verəcək. Bu iqtidarın, rejimin adını nə qoyursan-qoy, gördüyü işin adını islahat qoy, repressiya qoy, antidemokratik, antixalq hərəkat qoy, nə qoyursan-qoy bu, aqressiv bir rejimdir. Xalqa əziyyət verən, xalqın mülkiyyətindən, var-dövlətindən istifadə edib xalqı əzmək üçün fəaliyyət göstərən, seçilməmiş bir rejimdir. Bunlar islahat apara bilməzlər. Yeni gələn kadrlara mən fikir verirəm, heç bir təcrübəsi olmayan, öz sahələrindən belə başı çıxmayan, heç bir şey edə bilməyəcəkləri də bəri başdan bəlli olan bir yeni qruppadır. Mən bir dəfə seçkilərdən qabaq demişdim. Bunlar o adamları deputat təyin edib, o adamları vəzifəyə qoyacaqlar ki, onlar dinməz-söyləməz İlham Əliyevin dediyinə baş üstə desinlər. Bu gördükləri işin xalqa və dövlətə heç bir xeyri olmasa da, ancaq sədaqət göstərsinlər. Ancaq səd-heyf, bunlar sədaqət göstərənlərə qarşı da amansızdırlar. Burada Ramiz Mehdiyevdən də sədaqətlə illərcə Heydər Əliyev və İlham Əliyevə xidmət etmiş ikinci bir adam varmı? O bircə dəfə də ağzını açıb deməyib ki, hakimiyyətdən narazıyam. Belə adamın da başına görün nə oyunlar açdılar. Mən onu müdafiə etmək istəmirəm. Ancaq hər kəsə demək istəyirəm ki, məhkəmələrimin birində demişdim, mənim taleyimdən nümunə götürün. İqtidar üzvləri, sizin hamınızı mənim taleyim gözləyir. Mənim qədər Heydər Əliyevə yaxın və ona dəstək vermiş ikinci adamı tapmaq çətindir. Mənim başıma bu işlər gəldisə, bu hər birinizi gözləyir. Buyurun, ən gözəl bariz nümunə - Heydər Əliyev ordenini verib, sonra da təhqir edirlər.

Amerikanın Səsi: Yeri gəlmişkən, mənim növbəti sualım Ramiz Mehdiyev, Əli Həsənov və digər sizin keçmiş partiya həmkarlarınızla, partiya silahdaşlarınızla bağlıdır. Onlarla bağlı baş verənlərə sizin münasibətiniz necədir, qiymətiniz necədir və bu, haradan qaynaqlanır, niyə baş verir?

İndi bəziləri, ağzıgöyçəklər danşırlar ki, mən Ramiz Mehdiyevlə birləşmişəm. Bu qeyri-mümkündür.

Əli İnsanov: Mən onlarla sirdaş olmasam da, həmkar olmuşuq. Bir komandada işləmişik. Yəni, yaxşı günlər də olub, pis günlər də olub. Yeri gəlmişkən, indi bəziləri, ağzıgöyçəklər danşırlar ki, mən Ramiz Mehdiyevlə birləşmişəm. Bu, qeyri-mümkündür. Mən ona bir insan, keçmiş əməkdaş, yoldaş kimi hörmət edə bilərəm. Ancaq mən onunla bir yerdə ola bilmərəm. Bunun sadə izahatı var. Biz siyasətin müxtəlif qütblərindəyik. Onun konkret, istiqamətini bilirsiniz, bu adam haranın tərəfdarıdır, kimlə dostluq, kimlə yaxınlıq edir. Əli İnsanov isə partiya nizamnaməsinə konkret yazıb, avroatlantik məkana inteqrasiya. Görün, bu heç uyğun gələn şeydir. Bu, qeyri-mümkündür.

Amerikanın Səsi: Yəni Ramiz Mehdiyevin istiqaməti haradır? Siz necə hesab edirsiniz?

Ramiz Mehdiyev hər zaman böyük qonşumuz Rusiyanın tərfədarıdır və onların yaxın münasibətləri olub. Ona böyük hörmət olub, dəstək olub.

Əli İnsanov: Yəni, bu, indi gizli deyil. Siz də bilirsiniz? Ramiz Mehdiyev hər zaman böyük qonşumuz Rusiyanın tərəfdarıdır və onların yaxın münasibətləri olub. Ona böyük hörmət olub, dəstək olub və sairə. Ancaq mən maraqlanıram, bu gün ona niyə dəstək vermirlər? Məni bir də, daha çox maraqlandıran başqa şeydir. Yəni, burada nöqtə qoyaq ki, bizim Ramiz Mehdiyevlə birgə siyasi fəaliyyətimiz ola bilməz. Ancaq burada başqa bir məqama fikir vermək lazımdır. Ramiz Mehdiyev bu gün təhqir olunur. O qandallar, onun yaxın qohumlarına yox, Ramiz Mehdiyevin bu yaşda, ahıl yaşında onun özünə vurulmuş qandallardır. Buna qarşı Ramiz Mehdiyev dözməməlidir. O öz fikrini söyləməli, mübarizəsini dərinləşdirib, genişləndirməlidir. Qalan müxalifət həmkarlarıma, dostlarıma demək istəyirəm ki, mən bir dəfə demişdim, bizim bu günki rejim intihara hazırlaşır. Ona mane olmayın. Bax, bu, intiharın başlanğıcıdır. Ona görə də, güman edirəm ki, Ramiz Mehdiyev özünün bildiyi, bacardığı istiqamətdə mübarizə aparacaq. Biz ora qarışmamalıyıq. Qoy mübarizəsini aparsın. Hər kəsə, xalq vaxtı gələndə qiymət verəcək. Mənə də, ona da, başqasına da və sairə. Bu müqayisələr bu günün predmeti deyil. Qoyun hər kəs öz bildiyi kimi mübarizə aparsın. Əsası odur ki, bu gün bunlara öz sadiqliyi ilə seçilən, xidmət etmiş, bunlara yaramış, bunların bütün işlərinə yaramış insan bu gün görün nə gündədir. Buradan açıq-aşkar görünür ki, Ramiz Mehdiyev kimi adam da Heydər Əliyev siyasətinə qarşı mübarizəyə girişərmiş.

Amerikanın Səsi: Siz necə hesab edirsiniz, indiki siyasi mübarizənin sonu nə ilə nəticələnə bilər? Perspektivdə nə görünür?

Əli İnsanov: Mən perspektivdə birliyi görürəm. Mən iyun ayında hörmətli jurnalistimiz Əvəz Zeynallıya verdiyim müsahibədə bir təklif irəli sürmüşəm. Müxalifətin birliyi təklifini. Hakimiyyətlə birgə fəaliyyət və müvəqqəti etimad hökumətinin yaradılması məsələsini. Bu nədir? Biz iqtidardan vəzifə istəmirik. Biz bir qrup müxalifət liderləri, YAP-la birlikdə İlham Əliyev vəzifədə qalmaq şərti ilə, etimad hökuməti qururuq, dərhal “Seçki Məcəlləsi”nə dyişiklik edir, Mərkəzi Seçki Komissiyasından tutmuş məntəqələrədək bütün tərkib dəyişir və proporsional şəkildə müxalifət partiyaları ilə birlikdə təşkil olunur. Sonra təcili seçkilərə gedirik. Qoy, İlham Əliyev bu seçkilərə rəhbərlik etsin. Ancaq, seçkiləri aparan iqtidarla birlikdə müxalif partiyalar olacaq. Bəs kimlər iştirak edə bilər? Təklif edirəm ki, həm parlament, həm də prezident seçkilərində bütün partiyalar və partiya üzvü olmayan insanlar iştirak etsin. Ola bilər ki, sayca az olan bir partiyanın lideri xalq tərəfindən bəyənilsin, Belarusda olduğu kimi prezident seçilsin. Yəni, kimi seçəcəyini xalq bilər. Ancaq, yeganə yolumuz birlikdir. Biz danışıqlar apardıq, tam əksəriyyət partiyalar bizim ideyanı müsbət qarşılayır. Bəziləri öz fikrini söyləməyə hələ fikirləşir, bəziləri bizlə bir yerdə olmağa razıdır. Ancaq, bu proses gedir. Çox ehtimal ki, yaxın zamanlarda bir münasibət bildirəcəyik.

Amerikanın Səsi: Tofiq Yaqublu da daxil olmaqla son həbslərə münasibətiniz necədir?

Mən, bu gün partiya olaraq və partiya sədri olaraq Əli Kərimlinin yanındayam, onun mübarizəsinə hər zaman dəstək verməyə hazıram. AXCP-nin həbs olunmuş bütün funksionerlərinin dərhal azad olunmasını hakimiyyətdən tələb edirəm.

Əli İnsanov: Əlbəttə, keçmiş siyasi məhbus kimi mənim istənilən həbsə münasibətim çox neqativdir. Birinci, Rəhim Qazıyevə göz aydınlığı verirəm. O, ev dustaqlığına çıxdı, inşallah azad da olar. O yaşda, vaxtı ilə zəbt olunmuş torpaqların 60 faizini geri qaytara bilmiş bir müdafiə nazirimizin həbsə atılması rüsvayçılıqdır, xalqa hörmətsizlikdir. Onun şəhid əsgərlərinin ruhuna xəyanətdir. Onunla birgə vuruşmuş cəsur oğullarımıza xəyanətdir. Onu həbs etməkmi olar? İki dəqiqəlik nə isə deyib, bunu həbs ediblər. Tofiq Yaqublu faktiki olaraq milli qəhrəmandır. Sadəcə o zaman hökumət dəyişib, milli qəhrəman təqdimatı həyata keçirilməyib. İnşallah, o da olacaq. Tofiq Yaqublu dərhal azad olunmalıdır. Bu qəhrəman bir adamdır. O mübariz, azadlıq sevən bir adamdır. Tofiq Yaqublu həbsdə qalmamalıdır.

AXCP-nin nə qədər adamını həbs ediblər? AXCP-dən nə istəyirlər? Mən buradan deyirəm. Mən, bu gün partiya olaraq və partiya sədri olaraq Əli Kərimlinin yanındayam, onun mübarizəsinə hər zaman dəstək verməyə hazıram. AXCP-nin həbs olunmuş bütün funksionerlərinin dərhal azad olunmasını hakimiyyətdən tələb edirəm. Müsavatdan tutulanlar var, o cümlədən Tofiq Yaqublu. Həmin partiyaya da bu gün dəstəyimi verməyə hazıram. Bütün müxalif partiyaların birgə mübarizə aparmasının tərəfdarıyam.

Amerikanın Səsi: Son dövrlərdə hökumətdən dialoq təklifləri gəlməkdədir. Bir çox siyasi partiyalar görüşlərdə iştirak edib və nəticələrinin olduğunu bildirir. Sizin münasibətiniz necədir? Dialoqa hazırsınızmı?

O keçirilən dialoqların heç birini mən dialoq saymıram. O ölmüş söhbətlərdən ibarətdir.


Əli İnsanov: Mən dialoqa dediyim formada hazıram. O keçirilən dialoqların heç birini mən dialoq saymıram. O ölmüş söhbətlərdən ibarətdir. Ortada heç nə yoxdur. Biz nə tələb edirik? Konkret etimad hökuməti yaradılır. İlham Əliyev bu günki hökuməti istefaya buraxır. Özü hansı nazirliyin necə işlədiyini, necə bərbad gündə olduğunu dəfələrlə deyib. O boyda Milli Məclis özünü buraxdı ki, işləyə bilmirik, islahatlara uyğun deyilik. İlham Əliyev nəyi gözləyirsən? Bu hökuməti istefaya burax. Etimad hökuməti yarat. Sənin saldığın ağır vəziyyətdən dövləti, hökuməti xalqımızla birgə çıxaraq. Sənə inam yoxdur. Ancaq sən aparıcı müxalifət liderlərini yaradılacaq hökumətin tərkibində birləşdirsən, inandırıram ki, biz həm ağır vəziyyətdən çıxarıq, həm də yeni seçkilərə gedib, yeni parlament və prezidentimizi seçərik.

Qeyd: Azərbaycan hökuməti ölkədə uğurlu islahatların aparıldığını, demokratik azadlıqların tam təmin edildiyini, azad və demokratik seçkilərin keçirildiyini bəyan edir. Rəsmi Bakı tənqidləri qəbul etmir və bir qayda olaraq qərəzli sayır. Eyni zamanda, hökumət insanların siyasi baxışlarına görə təqib edilmədiyni, siyasi məhbusların olmadığını bildirir.

Bununla yanaşı, yerli hüquq müdafiə təşkilatları 200-ə yaxın siyasi məhbusun siyahısı olan hesabat dərc edib. Amnesty İnternational ondan çox insanı vicdan məhbusu elan edib.

Avropa Şurasında Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyyət göstərir və Avropa Şurası Parlament Assambleyası bu ilin yanvarında Azərbaycanda siyasi məhbuslara dair qətnamə qəbul edib. Ölkə mətbuat azadlğı indeksində 180 olkə arasında 168-ci yeri bölüşür.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG