Accessibility links

Əli İnsanov: Rusiyaya ümid etmək olmaz


Əli İnsanov

Haqq Ədalət Partiyasının sədri Əli İnsanov Amerikanın Səsinə müsahibəsində partiya quruculuğu, iqtidar-müxalifət münasibətləri, ölkənin xarici və daxili siyasəti sahəsindəki problemlərdən danışıb.

Amerikanın Səsi: Haqq Ədalət Partiyasının təşkilatlanması başa çatıbmı? Hazırda partiyanın üzvlərinin sayı nə qədərdir, neçə yerli təşkilat təsis edilib?

Bu günə qədər respublikanın 60 rayonunda partiyanın təşkilatları yaradılıb.

Əli İnsanov: Haqq Ədalət Partiyasının formalaşması davam edir. Bu günə qədər respublikanın 60 rayonunda partiyanın təşkilatları yaradılıb və bu iş davam etdirilir. Yeddi region üzrə partiya üzvlərinin sayının artırılmasında, təşkilatlanmaqda geniş təcrübi işlər aparılır. Sənədlər bir il əvvəl Ədliyyə Nazirliyinə təqdim edilib. Müəyyən təkliflərlə, düzəlişlərlə son variantda yenidən nazirliyə qaytarmışıq. Bu günlərdə Ədliyyə Nazirliyindən partiyamızın qeydə alınması cavabını gözləyirik.

Amerikanın Səsi: Hökumət milli birliklə bağlı bəyanatlar yayır. Reallıqlar hökumətin yaydığı bəyanatlarla üst-üstə düşürmü? Hökumət həmçinin siyasi partiyalarla, vətəndaş cəmiyyəti qurumları ilə dialoq apardığını bəyan edir. Siz necə düşünürsünüz?

Danışıqlar bağlı qapı arxasında aparılır. Nəyi danışırlar, hansı razılığa gəlirlər, bu günki ağır durumdan çıxış yollarını birgəmi həll edəcəklər, necə həll edəcəklər, bunların hamısı naməlum qalır.

Əli İnsanov: Mən hökumətin təklif etdiyi birliyə, dialoqa, səmimi şəkildə düzünü deyim, inanmıram. Ona görə ki, dialoqa dəvət olunan partiyaların mövqeyi də bəllidir, onların bu günki durumu da bəllidir. Ancaq, Azərbyacanda müxalifət partiyaları təkcə onlardan ibarət deyil. Biz o danışıqların əleyhinə deyilik. Danışıqlar aparılsın. Ancaq məsləhətdir ki, hökumət müxalifətdə olan bütün partiyaları nəzərə alsın və danışıqlar masası açıq-aşkar edilsin. Orada nələr həll olunacaq, hansı plan qarşıya qoyulub, hansı məsələlər müzakirə olnacaq xalqa açıq-aşkar bildirilsin. Hazırki formada danışıqlar məni qane etmir. Çünki, danışıqlar bağlı qapı arxasında aparılır. Nəyi danışırlar, hansı razılığa gəlirlər, bugünkü ağır durumdan çıxış yollarını birgəmi həll edəcəklər, necə həll edəcəklər, bunların hamısı naməlum qalır.

Amerikanın Səsi: Partiyanız Azərbaycan hökumətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini dəstəkləyirmi? Fikrinizcə hökumət postmünaqişə dövründə daha hansı addımlar atmalıdır?

Ruslar sülhməramlı qüvvələr adı ilə Qarabağı zəbt etdilər. Bu gün də işğalçı ordu Qarabağda öz bildiyi kimi fəaliyyət göstərir.

Əli İnsanov: Qarabağ münaqişəsi, bilirsiniz ki, 10 noyabr 2020-ci ildə üçtərəfli sazişlə başa çatdı. Bu saziş ölkəmizin tarixində bir qara ləkə kimi qalacaq. Çünki bu, təslimçilik sazişi idi. Faktiki olaraq şanlı ordumuzun qalib gəldiyi, torpaqları azad etdiyi və bunu başa çatdırdığı bir anda, gözlənilmədən bütün hər şey ruslara təslim olundu. Ruslar sülhməramlı qüvvələr adı ilə Qarabağı zəbt etdilər. Bu gün də işğalçı ordu Qarabağda öz bildiyi kimi fəaliyyət göstərir. Bu, bizi qətiyyən qane edə bilməz. Hökumətin bundan sonrakı əsas siyasəti, birinci, rus ordusunun təcili Azərbaycandan çıxarılması üzərində işləməsidir. Bu barədə geniş işlər getməlidir. İkincisi, Türkiyənin vasitəçiliyi ilə Ermənistanın bugünkü hakimiyyəti ilə təcili danışıqlara başlamaq lazımdır. Yəni, münaqişəni sona çatdırmaq üçün danışıqlar ikitərəfli qaydada Ermənistan və Azərbaycan arasında aparılmalıdır. Burada ən yaxşı vasitəçi Türkiyə, Avropa Birliyi, ABŞ ola bilər. Burada Rusiyanın iştirakı bizi qane edə bilməz. Çünki Rusiyanın məqsədi Dağlıq Qarabağı işğal etməklə Cənubi Qafqazda möhkəmlənməkdir.

Amerikanın Səsi: Sizcə Dağlıq Qarabağda yaşayan ermənilərlə birgə yaşayışın təmin edilməsi üçün Azərbaycan hökuməti hazırkı anda hansı addımları atmalıdır?

Bu gün söz sahibi olan dövlətlərlə, Avropa Birliyi, Amerika, Türkiyə ilə birlikdə erməniləri bu işə cəlb etmək və bu günki Ermənistan hakimiyyəti ilə, konkret olaraq Paşinyanla danışıqlara başlamaq lazımdır.

Əli İnsanov: Bayaq dediklərimə əlavə olaraq onu demək istəyirəm ki, hökumət Dağlıq Qarabağ sakinlərimizi inandırmalıdır ki, onlar rahat, sərbəst halda Dağlıq Qarabağda yaşaya bilərlər. Konstitusiyamızı, qanunlarımızı, vətəndaşlığımızı qəbul edərək erməni sakinləri heç bir problem olmadan yaşaya bilər. Bunun üçün təzminat və təminat lazımdır. Birinci, biz, bayaq dediyim kimi, bu gün söz sahibi olan dövlətlərlə, Avropa Birliyi, Amerika, Türkiyə ilə birlikdə erməniləri bu işə cəlb etmək və bugünkü Ermənistan hakimiyyəti ilə, konkret olaraq Paşinyanla danışıqlara başlamaq lazımdır. Yəni, Yerevan hökuməti buna inanmasa, dediklərimzi qəbul etməsə Dağlıq Qarabağda yerləşən erməniləri Rusiya dövləti hər zaman bizə qarşı inqilaba hazırlayacaq.

Amerikanın Səsi: Bəzi tənqidi bəyanatlarını nəzərə almasaq Azərbaycan hökuməti Rusiya Ordusunun regionda sülhməramlı missiyasını yerinə yetirdiyini bildirir. Siz necə düşünürsünüz?

Ermənilər özləri də başa düşürlər ki, rusların bu tələsi gələcəkdə onları çox ağır vəziyyətdə qoya bilər.

Əli İnsanov: Bu, qətiyyən belə deyil. Rusiyanın sülhməramlı adlanan qoşunları bu gün Ermənistanın köməyi ilə Qarabağda təlimlər keçirir. Ora əlavə qüvvələr gətirir. Silah, sursat yığır. Laçın koridoru kimi böyük bir sərhəd koridorumuz onların əlindədir. Ermənistandan, yaxud da xaricdən Dağlıq Qarabağa nüfuz edən, gələn terroristlər olsun, bəd niyyətli siyasətçilər olsun, heç birindən Azərbaycanın xəbəri yoxdur. Bu, necə sülhməramlı qüvvələr ola bilər ki, orada konkret terroristlər yetişdirirlər. Bu yaxınlarda bir nümayiş də keçirdilər. İldönümü qeyd etdilər. Mən baxdım. Üst-başından inandırıcı deyildi ki, onlar Qarabağ sakinləridir. Onlar Ermənistandan və Rusiyadan gətirilmişdilər. Onlarla göstərmək istədilər ki, Dağlıq Qarabağa bu gün qayıtmaq istəməyən erməniləri inandırsınlar ki, heç bir problem yoxdur, Qarabağa dönüb rahat yaşaya bilərlər. Ancaq ermənilər özləri də başa düşürlər ki, rusların bu tələsi gələcəkdə onları çox ağır vəziyyətdə qoya bilər. Onlar da buna razı olmadıqlarını dəfələrlə bəyan ediblər.

Amerikanın Səsi: Azərbaycanın hazırkı xarici siyasət kursunu necə xarakterizə edərdiniz? Qonşularla münasibətdə və qərbə inteqrasiya sahəsində hökumətin addımlarını qənaətbəxş hesab etmək olarmı?

Rusiya heç kəsi müdafiə etməyib.

Əli İnsanov: Mən haşiyə çıxıb bir şeyi deməliyəm ki, dəfələrlə deyilir ki, Rusiya təhdid etdi, məcbur etdi ki, İlham Əliyev 10 noyabr sazişini imzalasın. Belə deyil. Bu, Rusiya qarşısında İlham Əliyevin götürdüyü öhdəliklərin sənədləşdirliməsi idi. Saziş imzlayaraq İlham Əliyev öz üzərinə götürdüyü bütün vəzifələri yerinə yetirmiş oldu. Bu, nəyə hesablanıb? İlham Əliyev əlbəttə ki, gələcəkdə son sığınacaq və yaşayış yeri, yerləşmək yeri üçün Rusiyanı görür. Və bu, Rusiyanın dediyi, Rusiya prezidenti Putinin söylədiyi, təklif etdiyi, göstəriş verdiyi bütün əməlləri yerinə yetirməlidir. Əks təqdirdə onun gələcəkdə bu ümidi puça çıxa bilər. Ona görə də, bu, tam mənada İlham Əliyevin razılığı ilə baş verdi. Beləliklə, biz Qarabağı Rusiyaya təslim edəsi olduq. Mən bir şeyi İlham Əliyevin yadına salmaq istəyirəm. Rusiya heç kəsi müdafiə etməyib. Nəcibullanı (Əfqanıstan prezidenti olub-red) Rusiya səfirliyinin beş metrliyində işıq dirəyindən asdılar. Honnekeri (keçmiş Almaniya Demokratik Respublikasının Vahid Sosialist Partiyasının sədri olub-red) Moskvadan tələb etdilər, ağır xəstə olmasına baxmayaraq, Almaniya Federativ Respublikasına verdilər. Səddamı, Qəzzafini, ən yaxın dostlarını onların gözü qarşısında məhv etdilər. Və sairə, və sairə. İlham Əliyev, Rusiyaya ümid etmək olmaz. Sənin nicatın bu gün sağlam müxalifətlə birləşib etimad hökuməti yaratmaq və Qərbə, NATO-ya üz tutmaqdır. Farsların gözəl bir sözü var. (O farsca Firdovsidən bir beyt şer deyir) Bunu Firdovsi “Şahnamə” əsərində deyir. Yəni, bu qoca dünyanın, bu sarayların bir köhnə adəti var. Bir gün sən atın belində olacaqsan, bir gün də yəhər sənin belində. Yəni, biləsən, agah olasan, İlham Əliyev. Hər şeyin sonu olduğu kimi bu hakimiyyət də əbədi deyil. Neçə ki, gec deyil, sağlam müxalifətlə həqiqi ittifaqa, həqiqi fikir mübadiləsinə get. Öz səylərini göstər ki, birlikdə Azərbaycanı xoşbəxt, azad günlərə yetirəsən. Üzünü Avropa Birliyinə və Qərbə tutasan. NATO-ya tutasan. Bu, sənin və xalqımızın xilası olacaq. Çünki, sən Qarabağ düyününü elə bir ağır düyünə saldın ki, Qarabağ probleminin bundan sonra həlli çox ağır olacaq və Azərbaycan xalqı çox böyük əziyyətlər çəkəcək.

Amerikanın Səsi: Prezident Ilham Əliyev dövlət şirkətlərinin idarəetməsini səmərəli hesab etmir. Fikrinizcə dövlətin nəzarətində olan qurumlar hansı səbəbdən səmərəli idarəetmə qura bilmir?

Necə olur, inkişaf etmiş ölkələrdə bu şirkətlər xarüqələr yaradır, Azərbaycanda isə hamısnın gördüyü işlər puça çıxır? Ona görə ki, yolu salan da, suyu çəkən də, işığı verən də, qazı kəsən də, hamısı böyük korrupsiya əməlləri ilə məşğuldur.

Əli İnsanov: Burada açıqca bir izahat var. Şirkətlər düzgün idarə etmir sözü düzgün deyil. Hökumət, hakimiyyət şirkətləri düzgün idarə etmir. Onun da nəticəsində görülən işlər puça çıxır. Nəyə görə? Çünki bütün şirkətlər öz fəaliyyətlərində korrupsiya ilə açıq-aşkar məşğul olur, büdcəni dağıdır və görülən işlər də göz qabağındadır. Nəticədə də heç bir iş görülmür. Məhz buna görə də bu günə kimi Azərbaycan xalqının heç bir problemi həllini tapmayıb. Sadəcə həmin şirkətlərə sərbəstlik verilsə, onlar müstəqil çalışsalar çox böyük işlər görmək olar. Necə olur, inkişaf etmiş ölkələrdə bu şirkətlər xarüqələr yaradır, Azərbaycanda isə hamısının gördüyü işlər puça çıxır? Ona görə ki, yolu salan da, suyu çəkən də, işığı verən də, qazı kəsən də, hamısı böyük korrupsiya əməlləri ilə məşğuldur. Büdcə də dağıdılır, gəlir də dağıdılır, beləliklə də heç bir problem həll olunmur və güman olunur ki, şirkətlər işləyə bilmir. Bilirsiniz, belə bir məsəl var. Deyir, sən mənim qıçlarımı sındırmısan, sonra da təklif edirsən ki, yaxşı futbol oynamalısan. Biz şirkətlərin qıçlarını sındırmışıq. Bu şirkətlərə necə təklif edə bilərik ki, sən, gəl, yaxşı futbol oyna.

Amerikanın Səsi: Hökumət korrupsiyaya qarşı ardıcıl mübarizə apardığını bildirir. Bununla yanaşı, bir çox nazirliklərin və icra strukuturlarının yüksək vəzifəli şəxsləri dövlət vəsaitini davamlı olaraq məninsəməkdə və rüşvətxorluqda günahlandırılaraq həbs edilməkdədir. Azərbaycan dünyada korrupsiya indeksində yenə üç pillə geriləyərək 180 ölkə arasında 129-cu yerdə qərarlaşıb. Sizcə ölkədə korrupsiyanın azalmamasının əsas səbəbləri nədir? Vəziyyətdən çıxışı nədə görürsünüz?

Özlərinin təyin etdikləri idarəçilik elə bir bərbad haldadır ki, orada korrupsiyasız keçinmək mümkün deyil.

Əli İnsanov: Korrupsiyaya qarşı mübarizə hakim ailədən başlamalıdır. Hakim ailənin təyin etdiyi nazirlər, kabinet sədrləri, hətta şirkət rəhbərləri keçmiş dövlətdən qalmayıb. Onları biz seçib təyin etmişik. Bugünkü hakimiyyət təyin edib. Özlərinin təyin etdikləri idarəçilik elə bir bərbad haldadır ki, orada korrupsiyasız keçinmək mümkün deyil. Vəzifəyə təyin olunan hər bir adamdan, icra başçısından tutmuş nazirlərə qədər, əgər milyonlarla pul alınıb təyin olunursa, onlar korrupsiyasız işləyə bilərmi? Burada yeganə yol var. Ailə korrupsiyadan imtina etməlidir. Hakim ailə korrupsiyadan uzaq durmalıdır. İşləyənlərə müstəqillik, sərbəstlik verilməlidir. Dövlət büdcəsinin xərclənməsi hesabatlı olmalıdır. Ən azından Milli Məclisdə hesabat verilməlidir. Yüz manat filan nazirliyə ayrıldı, bu pul hara xərcələndi. Bu günə kimi yüz milonlarla dollarlıq ofislər tikirlər. Bunu hansı məclis təsdiq edib. Bu harada təsdiqini tapıb.

Amerikanın Səsi: Keçmiş səhiyyə naziri kimi səhiyyə sahəsində idarəetmədə və xidmət sahəsində hansı islahatları vacib sayırsınız? Sizcə səhiyyə xidmətinin keyfiyyətinin artırılması üçün hansı addımlar atılmalıdır?

Əli İnsanov: Birinci, bu gün yaradılmış əcaib qurum TƏBİB-i (Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi) ləğv etmək lazımdır. Bütün qurumlar Səhiyyə Nazirliyinə tabe edilməlidir. İkinci, 20 ildən artıq vaxt keçib, sığorta tətbiq edilməyib. Bu, təcili həyata keçirilməlidir. Nəhayət, səhiyyədə işlərin yaxşı getməsi üçün səhiyyədə təcili islahatlar aparılmalıdır. Biz 15-ə yaxın qanun qəbul etmişik. Onun heç biri həyata keçirilməyib. Bu gün əcaib bir qurum yaradıblar. O, səhiyyəni bütövlüklə dağıdıb. Bu gün Azərbaycan ərazisində pulsuz səhiyyə xidməti yoxdur. Heç bir dövlət müəssisəsi pulsuz fəaliyyət göstərmir. Kim hara gedir, orada özəl səhiyyədəkindən çox pul tələb edilir. Bu necə səhiyyədir, hansı sistemdir, haradan götürülüb? Bunu kim idarə edir? Fərasətsiz, təcrübəsiz, bacarıqsız insanlar bu təşkilatların başında durur. Onların bəziləri resepti belə düzgün yaza bilmir.

Amerikanın Səsi: Koronavirusa qarşı vaksinasiya ölkədə insanlar arasında virusa qarşı immunitet yarada biləcəkmi?

Əli İnsanov: Əgər dünyada effektiv bir vaksinasiya aparılsa bir il ərzində bu xəstəliyin kökünü kəsmək olar. Ancaq bu infeksiyanın özü də yorulmaqdadır. Bu insandan insana keçdikcə zəifləyib.

Qeyd: Haqq Ədalət Partiyası sabiq səhiyyə naziri Əli İnsanov tərəfindən 25 yanvar 2020-ci ildə təsis edilib. Əli İnsanov 2005-ci ilin oktyabrında həbs edilib.17 mart 2019-cu ildə Azərbaycan Prezidentinin əfv sərəncamı ilə azadlığa buraxılıb.

Müsahibədə deyilənlərlə Azərbaycan hökumət rəsmiləri bir qayda olaraq razılaşmır. Rəsmi Bakı daim iqtisadi, sosial, səhiyə sahəsində uğurlu islahatlardan danışır, Dağlıq Qarabağ probleminin həll edildiyini, Rusiya sülhməramlılarının ölkə ərazsində müvəqqəti yerləşdirildiyini bəyan edir. Azərbaycan hökuməti korrupsiya ilə bağlı deyilənləri də qəbul etmir və bu sahədə davamlı işlər görüldüyünü qeyd edir.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG