Accessibility links

Əli İnsanov: Məni qorxutmaq mümkün deyil


Əli İnsanov: Yaxın zamanda siyasi qurumumuzu elan edəcəyəm
please wait

No media source currently available

0:00 0:14:46 0:00

Keçmiş səhiyyə naziri 14 illik həbsdən sonra Amerikanın Səsinə danışır

Keçmiş səhiyyə naziri Əli İnsanov 14 illik həbsindən sonra Amerikanın Səsinə müsahibə verib. O, yeni müxalif siyasi partiya yaradacağını deyib və əvvəllər təmsil olunduğu hazırki iqtidarın daxili və xarici siyasətini tənqid edib.

Əli İnsanov 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Sonradan cinayət işi vəzifə cinayətlərinə dair ittihamlarla məhkəməyə göndərilib və ona 11 il həbs cəzası kəsilib. Həbs müddətinin bitməsinə iki ay qalmış – 2016-cı ilin avqustunda ona yeni cinayət işi açılıb. Kamerada psixotrop tərkibli dərman saxlamaqda, Penitensiar Xidmətin əməkdaşına kəllə-beyin travması yetirməkdə suçlanan 70 yaşlı sabiq nazir 2017-ci il aprelin 26-da 7 il azadlıqdan məhrum edilib.

Ə.İnsanov hakimiyyəti, şəxsən prezident İlham Əliyevi tənqid etdiyinə görə onun sifarişi ilə saxta ittihamla cəzalandırıldığını deyib.

Əli İnsanov bu il martın 16-da prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxıb.

Amerikanın Səsi: İlk öncə siyasi fəaliyyətiniz barədə. Bundan sonra siyasətlə məşğul olacaqsınızmı? Yeni siyasi partiya yaratmaq fikriniz varmı? Yaradacağınız partiyanın əsas prinsipləri necə olacaq?

Bizim yaradacağımız siyasi qurum müxalifyönlü, qərbyönlü olacaq.

Əli İnsanov: İcazə verin, əvvəlcə uzun müddət həbsdə olduğum dövrdə mənə mənəvi dəstək olmuş, mənim azadlığa çıxmağım üçün çalışmış bütün azərbaycanlılara təşəkkürümü bildirim. Bununla bağlı öz fəaliyyətlərində mənə dəstək olmuş bütün siyasi partiya liderlərinə, partiyadaşlarına, Azərbaycanda fəaliyyət göstərən bütün jurnalistlərə, hüquq- müdafiə təşkilatlarına, mənim vəkillərimə, ölkədə və xaricdə yaşayan, yaradan çoxsaylı həmkarlarıma dərin təşəkkürümü bildirirəm.

Sualınıza gəldikdə, təbii ki, mən siyasətdən uzaqlaşmamışam və yeni bir siyasi qurum yaratmaq fikrindəyəm. Çünki bu saat, Azərbaycanın bugünkü mövcud durumu bunu çox ciddi tələb edir. Bir qısa ekskurs etsək, 1946-cı il mart ayının 5-də Uinston Çörçillin Amerikada çıxışı (Böyük Britaniyanın baş naziri Uinston Çörçill 1946-cı il martın 5-də ABŞ ın Missuri ştatının Fulton şəhərindəki Vestminster kollecində səsləndirdiyi "Sülhün əzələləri" adlı çıxışında "Qərb demokratiyasını SSRİ və dünya kommunizmi təhlükəsinə qarşı birləşməyə və ingilisdilli xalqların qardaşlıq assosiasiyasını" yaratmağa çağırıb-red.) soyuq müharibənin başlanğıcı oldu. Qısa müddət sonra bu məsələni öz nəzarətlərinə götürdülər, uzaqgörənliklə soyuq müharibənin bütün strukturlarını yaratdılar. BMT, Milli Təhlükəsizlik Şurası, Mərkəzi Kəşfiyyat İdarəsi, Amerikanın Səsi... və beləliklə də uzun onilliklərə yönəlmiş bir siyasət və institutlar meydana gəldi. Keçən əsrin səksəninci illərində Çörçilin və Harri Trumenin (1945-1952-ci illərdə ABŞ prezidenti-red.) səpdiyi toxumlar cücərməyə başladı. Bu işi davam etdirmək üçün yeni liderə, çox cəsarətli ağıllı liderə ehtiyac yarandı. Bu, Amerika prezidenti Ronald Reyqan (1981-1989-cu illərdə ABŞ prezidenti-red.) oldu. Reyqan soyuq müharibəni başa çatdırdı, qələbə çaldı və kommunist rejimini, demək olar ki, məğlub etdi. SSRİ bir anın içində yox oldu. Baxın, nə müharibələr oldu, SSRİ-yə nə hücum oldu. Sadəcə, ağıllı, düşünülmüş siyasətlə bu iş başa çatdı. Yüz minlərlə insan kommunist diktaturasından xilas oldu. Ancaq təəssüflər olsun ki, bundan sonra SSRİ-nin keçmiş bir sıra respublikalarında yerli diktaturalar yaranmağa başladı və bu, artıq 30 ilə yaxındır davam edir. Bunlardan biri də Azərbaycandır. Hazırda biz bu diktatura rejimi ilə mübarizə aparmaqdayıq. Güman edirəm, Reyqan dəyirmanı dağıtdı, ancaq acı küləklər hələ də əsir. Azərbaycanda sərbəst fəaliyyət göstərmək, azadlıq, demək olar ki, yox dərəcəsindədir. Mən həbsxanadan çıxandan dərhal sonra 4-5 maşın mənim evimin ətrafında növbə çəkir. Hətta onlar məni bir yana çıxanda, hətta qəbiristanlığa gedəndə belə müşayiət edirlər. Sonra mənimlə geri qayıdırlar və 24 saat müşahidədəyəm. Yəni, faktiki ev dustaqlığındayam. Mənim yanıma gələn insanlar çağırılır, təhdid olunur, qorxudulur, prokurorluqda, polisdə. Belə bir vəziyyətdə, əlbəttə ki, mənim geniş təmas qurmaq imkanım məhdudlaşır. Buna baxmayaraq, bizim Azərbaycanda mövcud olan qurumda mübarizə aparmaq əzmimizi sındıra bilmir. Odur ki, heç şübhə etmirəm ki, yaxın zamanlarda biz istədiyimiz siyasi qurumu yaratmalıyıq və mübarizəyə başlamalıyıq. Mübarizənin məqsədi, Azərbaycanda insan azadlığı, insan haqlarının bərpa olunması, tapdanmış haqların insanlara qaytarılması, ədalətin ölkədə bərqərar olması, ölkəmizi məcburu tərk etmiş çox dəyərli vətəndaşlarımızın ölkəyə qayıtması, həbsxanada olan bütün siyasi məhbusların azad olunması, şərlənib həbsxanaya salınmış çox dəyərli vətəndaşlarımızın azadlığa çıxması və s..

Ən böyük arzularımızdan biri Azərbaycan xalqına firavan həyat bəxş etməkdir. Azərbaycan sərvətləri ilə hər bir vətəndaşı varlı bir insan çevirə bilər. Marqaret Tetçer deyirdi ki, “varlı ingilis vətəndaşı, varlı İngiltərə deməkdir”. Mən güman edirəm ki, biz buna nail ola bilərik. Bizim yaradacağımız siyasi qurum müxalifyönlü, qərbyönlü olacaq.

Amerikanın Səsi: Siyasi partiyanı yaxın aylarda elan edəcəksiniz?

Əli İnsanov: Güman edirəm ki, yaxın aylarda biz hazırlıq prosesini başa çatdırıb, yaradacağımız qurumu elan edəcəyik.

Amerikanın Səsi: Qeyd etdiniz ki, sizi hər an təqib edirlər, izləyirlər. Belə bir şəraitdə geri çəkilə bilərsiniz?

Bunlar “dəvəni zınqırovla” qorxutmaq istəyirlər. Bu da mümkün deyil.

Əli İnsanov: Gözəl sualdır. Mənə elə gəlir ki, bunlar “dəvəni zınqırovla” qorxutmaq istəyirlər. Bu da mümkün deyil. Bax, bu təqiblərin nəticəsidir ki, bu gün heç bir zorakılığa əl atmayan və sakit mitinq keçirmək istəyən Milli Şuranın son vaxtlar mitinqlərinə, xeyir ola, niyə icazə verilmir? Bu qadağalar nə qədər davam edəcək? Mən buradan bəyan edirəm, mən, “kəfən boynumda” çıxmışam bu yola. Məni qorxutmaq mümkün deyil. Nə olur-olsun, biz siyasi qurumumuzu yaradacağıq. Xalqımla birlikdə zəfər gününə qədər birlikdə olacağıq.

Amerikanın Səsi: Yəni, Milli Şuraya mitinqə razılıq versələr, Milli Şuranın növbəti mitinqində çıxış etmək fikrindəsiniz?

Birləşmək şərt deyil. Əməkdaşlıq eləmək lazımdır. Ona görə də mən Milli Şura və digər qurumlarla əməkdaşlıq etməyə hazıram.

Əli İnsanov: Mən həbsxanadan çıxan kimi bir fikir söyləmişdim. İndi onun davamı olaraq demək istəyirəm ki, Azərbaycanda çoxlu siyasi qurumlar fəaliyyət göstərir. Mən istəyirəm ki, onların hər biri daha güclü olsun. Biz də bir qurum yaradacağıq. Birləşmək şərt deyil. Əməkdaşlıq eləmək lazımdır. Ona görə də mən Milli Şura və digər qurumlarla əməkdaşlıq etməyə hazıram. Sadəcə, biz də öz qurumumuzu yaradaq sonra kollektiv şəkildə

Onların tənqid olunmaması üçün və siyasi məhbusların azadlığa buraxılmaması üçün Avropada 3 milyard dollar pul xərcləndi. Bunların hamısı təkcə prezident yox, bütünlükdə xalqımızın imicinə vurulan böyük zərbədir və Qarabağ məsələsinin həllinə olduqca böyük zərbədir.

əməkdaşlığa başlayaq.

Amerikanın Səsi: Qurucularından olduğunuz Yeni Azərbaycan Partiyası hökumətinin hazırki daxili və xarici siyasət kursunu necə qiymətləndirərdiniz? Ermənistan-Azərbaycan münaqişəsi və Azərbaycanın Qərbə, xüsusilə Avropa İttifaqına inteqrasiyası ilə bağlı hökumətin siyasətinə münasibətiniz necədir. Vəziyyətdən çıxışı necə görürsünüz?

Əli İnsanov: Mən hesab edirəm ki, Azərbaycanın xarici və daxili siyasəti, müşahidə etdiyimiz illər ərzində çox bərbad haldadır. Aparılan xarici siyasət məntiqə sığmır, Azərbaycan xalqının iradəsini ifadə etmir. Hərə özü bildiyi kimi təqdim edir bu siyasəti. Bütövlükdə, xarici siyasətdən danışanda, bircə kəlmə misal çəkim. Prezident İlham Əliyev 16 ildir hakimiyyətdədir. Təəssüf ki, hələ bir dəfə də olsun Vaşinqtona, Ağ Evə dəvət olunmayıb. Bu, bizim xarici siyasətimizin nə vəziyyətdə olduğuna bariz nümunədir. Bundan başqa prezidentimizə xaricdə dünyanın ən korrupsioner prezidenti adı verilib. Onların tənqid olunmaması üçün və siyasi məhbusların azadlığa buraxılmaması üçün Avropada 3 milyard dollar pul xərcləndi. Bunların hamısı təkcə prezident yox, bütünlükdə xalqımızın imicinə vurulan böyük zərbədir və Qarabağ məsələsinin həllinə olduqca böyük zərbədir. Daxili siyasətə gəldikdə isə baxın, Azərbaycanda insanlar, demək olar ki, iqtidardan üz döndərib. Prezident seçkilərində heç kəs, demək olar ki, səs vermədi. Yəni, bugünkü siyasət prezident başda olmaqla bəyənilmir, dəstəklənmir və sevilmir. Xalqa qarşı aqressiv siyasət aparılır. Guya, xalq dəstəkləmədiyi üçün cəzalanmalıdır? Bütövlükdə Qarabağ məsələsinin həllində iki problem həll olunmalıdır. Birinci problem ondan ibarətdir ki, biz Azərbaycanda elə xoşagələn, elə gözəgəlimli, elə bir gözəl açıq demokratik cəmiyyət qurmalıyıq ki, ermənilər, bizim Qarabağdakı vətəndaşlarımız Azərbaycanın tərkibində qalmaqda maraqlı olsunlar. Ermənilərin belə bir atalar məsəli var: “Çörək haradadır, orada qal”. Azərbaycanda gözəl şərait olsa, yaşamaq üçün münbit şərait yaradılsa, ermənilər bizim başımızın üzərindən niyə dünyaya səpələnsinlər? Biz, bunu Azərbaycanda yaratmalıyıq. Hədə-qorxu ritorikasını qurtarmaq lazımdır. Bu iki xalqın günahı yoxdur ki, indiki münaqişə bu vəziyyətə gəlib-çıxıb. Bu xalqların barışığına getmək lazımdır. Problem ancaq və ancaq sülh yolu ilə həll oluna bilər. Ona görə də ikinci məsələ, Azərbaycanı etibarlı tərəfkeş kimi təqdim etmək lazımdır. Beynəlxalq qurumlar Qarabağ məsələsinin həll olunmasında Azərbaycan tərəfinə inanmırlar. Azərbaycanın xarici və daxili siyasəti alverdən başqa bir şey deyil və çoxu yalandır. Necə ola bilər? Biz konvensiyalara imza atırıq, sonra onu yerinə yetirmirik. Neçə nəfər Avropa

İlham Əliyev bu gün referendum elan etsə ki, mən Azərbaycanı Avropaya aparıram. Mən onu dəstəkləyərəm.

İnsan Haqları Məhkəməsində, mən qarışıq, müsbət nəticə almışıq, qalib gəlmişik. Buna məhəl qoymadılar və dedilər ki, bu, Azərbaycanın daxili işidir, biz o qərarları qəbul etmirik. Axı, sən imza atdığın konvensiyanı belə tapdalayırsansa, beynəlxalq qurumlar Azərbaycana necə inana bilər? Onlar necə təkilf edə bilər ki, Qarabağ erməniləri Azərbaycan gözəl bir ölkədir, gəlin, burada bunlarla bir yerdə yaşayın. Əgər yetmiş yaşında akademikin cibinə narkotik atıb, ona yeddi il cəza kəsirlərsə, hansı erməni bu ölkədə qalmaq istəyər? Ona görə də biz Qarabağın həlli üçün səbəblərin çoxunu özümüzdə axtarmalıyıq. Biz elə xoşagəlimli olmalıyıq ki, həm ermənilər-bizim vətəndaşlar burada qalıb yaşamaq istəsinlər, həm beynəlxalq təşkilatlar bizə inansınlar, etibar etsinlər və bizim mövqeyimizi dəstəkləsinlər. Qaldı avroməkana inteqrasiya məsələsi, Azərbaycan elə bir görüntü yaratmamalıdır. Biz Avropaya inteqrasiya etməliyik. Azərbaycanın yeganə yolu Avroatlantik məkandır. Biz Avropa sərhədlərində, həqiqətən Avropa İttifaqı sərhədlərində yaşasaq, o coğrafiyaya düşə bilsək, Azərbaycanın suverenliyi də, təhlükəsizliyi də təmin oluna bilər. Biz rahat yaşayarıq. Bu, mütləqdir. Ona görə də Avropaya inteqrasiya üçün mən güman edirəm ki, əgər İlham Əliyev bu gün referendum elan etsə ki, mən Azərbaycanı Avropaya aparıram. Mən onu dəstəkləyərəm.

Amerikanın Səsi: Siz əhali arasında daha çox “regionçu lider” kimi imicə maliksiniz. Digər regionların insanlarına siyasətçi kimi özünüzü necə təqdim etmək fikrindəsiniz?

Regionçuluq böyük xəstəlikdir. Bu xəstəliyin məndə olmadığına həkim kimi sizi inandırmaq istəyirəm.

Əli İnsanov: Mən heç yerdə regionçu olduğumu dilə gətirməmişəm. Mən ermənistanlı olduğumu da danmamışam. Ancaq güman edirəm ki, insan əvvəlcə öz anasını sevməlidir, sonra qonşu anaları. Belə olmayan insanları mən ikiüzlü və satqın adlandırıram. Bizdə gözəl bir məsəl var “astını danan”. Heç kəs gərək astını danan olmasın. Qaldı ki, mənim ətrafımda tək ermənistanlılar olmayıb , mənim sürücüm bakılı olub, köməkçim tovuzlu olub, katibəm lənkəranlı olub. Neçə-neçə işçimiz, ilk alim tələbələrimdən biri rusdur, biri Masallıdandır. Əlliyə yaxın alim yetişdirmişəm. Onların içində cəmi 5-6 nəfər ermənistanlı olar. Mən hər zaman bacarıqlı, talantlı insanları yanımda saxlamışam. Regionçuluq böyük xəstəlikdir. Bu xəstəliyin məndə olmadığına həkim kimi sizi inandırmaq istəyirəm.

Amerikanın Səsi: Daha bir sual 14 il əvvəl ətrafınızda olan insanlarla bağlıdır. Həbsinizdən əvvəl sizə “ağsaqqal”, “rəhbər”, “lider” deyən, şərəfinizə alovlu nitqlər söyləmək üçün növbəyə duran bir çox insan həbsinizdən cəmi bir gün sonra əleyhinizə iddialarla dolu çıxışlar üçün növbəyə durdular. Yəqin bunları xatırlayırsınız? Bu gün, 14 il sonra həmin insanlara cavab vermək istərdinizmi?

Mən onlarla nə vaxtsa qarşılaşsam, üz döndərməyəcəm və görüşəcəm.

Əli İnsanov: Siz mənim səmimiyyətimə inanın. Mən onlardan inciməmişəm. Hesab edirəm ki, onlar mənim istədiyimi ediblər. Onların hər biri ilə uzun müddət duz-çörək kəsib, dostluq eləmişik. Onların hər biri çox hörmətli nəsildəndirlər. O nəsillərdə mənim çox sevdiyim, hörmət etdiyim insanlar var. Mən necə razı ola bilərdim ki, onlar mənim ailəmin, qohumlarımın taleyini yaşasın. Bu, mənim ideologiyama da uyğun deyil. Ona görə də mən onlarla nə vaxtsa qarşılaşsam, üz döndərməyəcəm və görüşəcəm.

Amerikanın Səsi: Siz mərhum prezident Heydər Əliyevin silahdaşlarından olmusunuz. Bir çox insanlar həbsindən sonra Heydər Əliyevin məzarını ziyarət edib. Siz necə, bu barədə fikirləşirsiniz?

Allah Heydər Əliyevə rəhmət eləsin.

Əli İnsanov: Bu sualı siz bir az tez verirsiniz. Məsləhət edərdim ki, bu sualı Heydər Əliyevin adından bəhrələnənlər və saxta, yalançı “Heydər Əliyevçilər” Heydər Əliyevin məzarını ziyarət etmək istəməyəndə, Heydər Əliyevi sevənlər də gedə bilməyəndə bu sualı mənə verin. Allah Heydər Əliyevə rəhmət eləsin.

Qeyd: Rəsmi Bakı ölkədə siyasi məhbusların olmadığını, bütün fundamental hüquqların tam bərpa edildiyini, insanların fikirlərinə, siyasi baxışlarına görə təqib edilmədiyini bildirir. Azərbaycan hökuməti bu sahədə tənqidləri qəbul etmir və qərəzli sayır.

Bununla yanaşı, yerli hüquq müdafiəçiləri səksənədək insanı siyasi məhbus kimi tanıyıb. Avropa Şurası Parlement Assambleyası Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin edib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG