Accessibility links

Əli Kərimli: Cəmiyyətin bütün təbəqələri Tofiq Yaqublunu müdafiə edir


Əli Kərimli aclıq edənlərə baş çəkərkən

Sentyabrın 11-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli onuncu gündür həbsxanada aclıq edən müxalif siyasi xadim Tofiq Yaqubluya dəstək məqsədi ilə Müsavat Partiyasının qərargahında aclıq edən müxalifət fəallarına baş çəkib.

Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə prezident İlham Əliyevin sərt tənqidçilərindən olan Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.

Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Buna baxmayaraq Bakının Nizami rayon Polis İdarəsində Yaqubluya qarşı cinayət işi qaldırılıb.

Sentyabrın 2-də Tofiq Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. Yaqublu məhkəmədə həbsinə etiraz olaraq aclıq aksiyasına başladığı bildirib.

AXCP sədri bugünkü ağır şəraitdə aclıq etməklə Tofiq Yaqubluya dəstək veməyi fədəkarlıq kimi qiymətləndirib.

“Tofiq Yaqublu aclıq etməklə xalqımızı sınağa çəkir. O millət üçün hər şey edib. Azərbaycanın azadlıq mübarizəsinə qoşulub. Qarabağda illərlə savaşıb. İki dəfə milli qəhrəmanlığa təqdim edilib. Sonra Azərbaycanda demokratiya uğrunda mübarizənin ön cəbhəsində olub. Onlarla dəfə inzibati qaydada məhkum olunub. İllərlə siyasi məhbus həyatı yaşayıb. Tofiq Yaqublu ölkədə hüququ pozulanların daim yanında olub. Tofiq bəy xalqımız qarşısında bütün sınaqlardan çıxmış qəhrəman, fədəkar, igid bir övladdır. İndi o növbəti ağır sınağı zamanı xalqına üz tutub. Əslində bu aclıq aksiyası Tofiq bəyin mətin iradəsi ilə hökuməti çətin sınaq qarşısında qoymasıdır.

O azadlığının məhdudlaşdırlması ilə barışmır. Bu xalq olaraq bizim üçün də çətin sınaqdır,” o qeyd edib.

Əli Kərimli hesab edir ki, Tofiq Yaqubluya xalqın dəstəyi lazımdır. Onun sözlərinə görə, hazırda Tofiq Yaqublunun müdafiəsi üçün çoxsaylı etiraz aksiyaları keçirilir.

Tofiq Yaqublunun müdafəsində həm sağçılar, həm solçular, həm feminsitlər, həm gənclər, həm veteranlar, həm ziyalılar, həm müxalifət, həm vətəndaş cəmiyyəti, - bir sözlə cəmiyyətin bütün təbəqələrini təmsil edən insanlar var. Azərbaycanda cəmiyyətin bütün təbəqələri hökumətin bu repressiyasına etiraz edir. Hamı bu mübarizədə var. Hökumət bunu anlamalıdır, İlham Əliyev bunun fərqində olmalıdır.
Əli Kərimli, AXCP sədri

“Sizin Yaqubluya həmrəylik məqsədi ilə keçirdiyiniz aclıq aksiyası da xalqı oyatmağa yönəlmiş bir aksiyadır. Əslində sizin aksiyada da bir mesaj var ki, bizə qoşulun, Tofiq bəyi müdafiə edək, Tofiq bəyin məhv edilməsinə etiraz edək. O cümlədən, Berlində Əfqan Muxtarlının başlatdığı aclıq aksiyası da bu mesajı verir. Bakının mərkəzində gənclər, fəallar, qadınlar etiraz aksiyaları keçirir. Hər kəs Tofiq Yaqublunu tək qoymamağa çalışır.”

O Azərbaycan hakimiyyətinə müraciət edirək bildirib ki, “sizin hər bir zalımlığınız, haqsızlığınız, hüququn hər dəfə ayaq altında tapdalanması milləti sizə qarşı birləşdirir.

Tofiq Yaqublunun müdafəsində həm sağçılar, həm solçular, həm feministlər, həm gənclər, həm veteranlar, həm ziyalılar, həm müxalifət, həm vətəndaş cəmiyyəti, - bir sözlə cəmiyyətin bütün təbəqələrini təmsil edən insanlar var. Azərbaycanda cəmiyyətin bütün təbəqələri hökumətin bu repressiyasına etiraz edir. Hamı bu mübarizədə var. Hökumət bunu anlamalıdır, İlham Əliyev bunun fərqində olmalıdır. Onun hər bir belə hərəkəti, hər bir kini, hər bir qəddarlıq, fədəkar insanlara qarşı edilən hər bir zülm bu milləti ona qarşı, onun rəhbərlik etdiyi hökumətə qarşı bir az da birləşdirir. İlham Əliyev bunun fərqində olmalıdır,” AXCP sədri deyib.

Müharibə vəziyyətində olan ölkədə Qarabağ uğrunda illərlə savaşmış cəsur insan Tofiq Yaqublunu necə məhv etmək olar? - deyə o sual edib. Kərimli Tofiq Yaqublu və digər müharibə veteranlarının həbsdə saxlanılmasını qəbuledilməz sayır.

“Müharibə başlasa yenə bu fədəkar insanlar vətənin müdafiəsinə qalxacaq. Vətən sevgisinə görə insanları məhv etməyin,” o qeyd edib.

AXCP sədri həmçinin ölkədə bütün insanların ayrı-ayrılıqda mübarizə apardığını desə də hesab edir ki, bu mübarizə hələ də yetərli deyil.

“Əgər, biz xalq olaraq hələ də Tofiq Yaqublunun həbsdən azad edilməsinə nail ola bilməmişiksə, deməli mübarizəmiz yetərli deyil. Fədəkarlığı daha da artırmalıyıq. Azərbaycan hökuməti karantin qaydalarından sui-istifadə edir. ”

Əli Kərimli aclıq edənlərə baş çəkərkən
Əli Kərimli aclıq edənlərə baş çəkərkən

AXCP sədrinin firkincə, dünyanın demokratik ictimaiyyəti də Azərbaycandakı repressiv rejimin insanları məhv etməsinə biganə qalmamalıdır.

Azərbaycan hakimiyyəti isə insanların əqidəsinə görə təqib edilmədiyini, vətəndaşların qanun qarşısında bərabər olduğunu bildirir. Hökumət ölkədə siyasi məhbusların olmadığını bəyan edir.

Bununla yanaşı, yerli hüquq müdafiəçiləri Azərbaycanda 200-dən çox insanı siyasi məhbus kimi tanıyır. Amnesty International Tofiq Yaqublu da daxil olmaqla ondan çox insanı vicdan məhbusu elan edib. Avropa Şurası Parlament Assambleyası bu ilin yanvarında Azərbaycanda siyasi məhbuslara dair qətmanə qəbul edib, bu qurumda Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi fəaliyyət göstərir.

Azərbaycan beynəlxalq media azadlığı indeksində 180 ölkə arasında 168-ci yerdə qərarlaşıb.

XS
SM
MD
LG