Accessibility links

Əli Kərimli toplantı qaydalarının pozulmasında günahlandırılır


Əli Kərimli
Əli Kərimli

Bakı şəhər Baş Polis İdarəsi AXCP sədri Əli Kərimli və müxalifət fəallarının saxlanılması ilə bağlı məlumat yayıb.

Məlumatda deyilir ki, noyabrın 17-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının 150 nəfərə qədər üzvü Bakı Şəhər Baş Polis İdarəsinin əvvəlcədən xəbərdarlıq etməsinə baxmayaraq, özlərinin adlandırdıqları “Meydan hərəkatı”nın 30 illiyi ilə əlaqədar, əslində isə siyasi məqsədlərlə Şəhidlər Xiyabanı istiqamətində yürüş-mitinq keçirməyə cəhd göstərib. İcazəsiz yürüş-mitinqin qarşısı alınıb və aksiyanın 52 nəfər iştirakçısı Səbael Rayon Polis İdarəsinə aparılıb. Onlardan 41 nəfəri xəbərdarlıq edilərək sərbəst buraxılıb.

“AXCP-nin sədri Əli Kərimli başda olmaqla aksiyanın təşkilatçıları olan 11 nəfər saxlanılıb. Faktla bağlı Səbael Rayon Polis İdarəsində İnzibati Xətalar Məcəlləsinin 513.1 və 513.2-ci maddələri (Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) ilə inzibati protokollar tərtib olunub və toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndəriləcək”, Bakı şəhər Baş Polis İdarəsi bildirir.

Əli Kərimli saxlanılan zaman, 17 noyabr, 2018.
Əli Kərimli saxlanılan zaman, 17 noyabr, 2018.

513.1 maddəsinin sanksiyana görə, fiziki şəxslər min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki yüz saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər üç min manatdan altı min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.

513.2 maddəsinin sanksiyasına görə isə üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

Əli Kərimli və saxlanılan digər müxalifət fəallarına qarşı məhkəmənin bu sanksiyanın hansını seçəcəyi hələ bəlli deyil. Müşahidəçilər ümumi məhkəmə praktikasına istinad edərək güman edir ki, bu dəfə də məhkəmənin müxalifətlçilərə qarşı sanksiyanın ağırını seçmək ehtimalı var.

Öz növbəsində, Milli Şura və AXCP bəyan edir ki, Azərbaycan tarixinin ən önəmli bayramlarının birində- Milli Dirçəliş Günündə Azərbaycan vətəndaşlarının Şəhidlər Xiyabanını ziyarət edərək vətənin azadlığı uğrunda canını qurban vermiş şəhidlərin xatirəsini anmasına polis tərəfindən güc tətbiq etməklə kobud müdaxilə edilməsi Azərbaycan hakimiyyətinin antimilli mahiyyətini bütün çılpaqlığı ilə ortaya qoyur.

“Hətta bizim üçün ən böyük itkilərdən sayıla biləcək siyasi liderlərimizin həbsi də bizi Əliyev rejiminə qarşı açıq və prinsipial mübarizəmizdən yayındıra bilməyəcək. AXCP sıralarında hal-hazırda 16 siyasi məhbus var, bu məhbusların sayının 56 olması belə Azərbaycanda rejim dəyişikliyinin və demokratiyanın qələbəsinin qarşısını ala bilməyəcək”, Milli Şuranın yaydığı bəyanatda deyilir.

XS
SM
MD
LG