Accessibility links

Əli Kərimli və onunla saxlananlara qarşı rəsmi ittihamlar


Cəmil Həsənli və Əli Kərimli
Cəmil Həsənli və Əli Kərimli

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimli və başqa saxlananlar icazəsiz yüriş-miitinq keçirməkdə günahlandırıla bilər.

Report-un xəbərinə görə, Bakı şəhər Baş Polis İdarəsindən bildiriblər ki, noyabrın 17-si saat 16 radələrində Azərbaycan Xalq Cəbhəsi Partiyasının təxminən 150 nəfərə qədər üzvü Parlament prospektinə toplaşmaqla Şəhidlər Xiyabanı istiqamətində yürüş-mitinq keçirməyə cəhd göstəriblər.

Bakı şəhər Baş Polis İdarəsindən agentliyə habelə bildirilib ki, ərazidə xidmətdə olan polis əməkdaşlarının operativ olaraq həyata keçirdikləri qabaqlayıcı tədbirlərlə ictimai asayişin pozulması ilə müşayət olunan icazəsiz yürüş-mitinqin qarşısı alınıb.

“Aksiyanın 52 nəfər iştirakçısı Səbail Rayon Polis İdarəsinə gətirilib. Onlardan 41 nəfəri xəbərdarlıq edilərək sərbəst buraxılıb. AXCP-nin sədri Əli Kərimli başda olmaqla aksiyanın təşkilatçıları olan 11 nəfər saxlanıblar. Faktla bağlı Səbail Rayon Polis İdarəsində İnzibati Xətalar Məcəlləsinin 513.1 və 513.2-ci maddələri ilə inzibati protokollar tərtib olunub. Toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndəriləcək”, məlumatda yazılır.

Həmin ittihamlarla saxlananlara cərimə və ya 2 aylıq həbs cəzaları verilə bilər.

Milli Şura və bu quruma daxil olan AXCP təmsilçiləri isə deyirlər ki, onlar noyabrın 17-də yürüş-mitinq keçirmək niyyətində olmayıblar. Məqsəd Milli Dirçəliş günü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət etmək olub.

Xatırlama

1988-ci il noyabrın 17-də Bakının Lenin, indiki Azadlıq meydanında Qarabağda baş verən hadisələrə etiraz olaraq mitinqlər başlayıb. O dövrün şahidlərinin bildirdiyinə görə, Sovet İttifaqı və yerli partiya rəhbərliyinin məsələnin həllinə biganə yanaşması vətəndaşları daha da hiddətləndirdiyindən az vaxt ərzində yüz minlərlə insan hərəkata qoşulub. Fasiləsiz keçirilən mitinqlər dekabrın 5-də sovet ordusunun zorakılığı ilə dağıdılıb.

1992-ci ildə 17 noyabr bayramlar sırasına salınıb və qeyri-iş günü elan edilib. Milli Dirçəliş günü Azərbaycanda dövlət səviyyəsində qeyd olunsa da, 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş dəyişikliklərə görə, artıq qeyri-iş günü deyil.

Bu il milli azadlıq hərəkatının 30 ili tamam olub.

XS
SM
MD
LG